525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Yaxın Şərqdəki münaqişə nəticəsində azalan dünya neft ehtiyatlarının əvvəlki həcminə çatması təxminən iki il çəkə bilər”.
525.az xəbər verir ki, bunu “Saudi Aramco” şirkətinin rəhbəri Amin Nasser bildirib.
“Artıq istifadə olunmuş ehtiyatların bərpası üçün bizim qiymətləndirməmizə görə, iki ilədək vaxt tələb oluna bilər”, - o qeyd edib.
Şirkət rəhbəri dünyada neft məhsulları ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyünü də vurğulayıb:
“Hazırda qlobal neft məhsulları ehtiyatları, xüsusilə dizel yanacağı seqmentində, narahatedici dərəcədə aşağı səviyyədədir. Dördüncü rübdə dizel yanacağına tələbatın daha da artacağı gözlənildiyini nəzərə alsaq, qış mövsümü ərəfəsində bazar əlavə təzyiqlə üzləşəcək”.
Amin Nasser deyib ki, şirkət ümumilikdə neftə tələbatın struktur baxımından azalmasını müşahidə etmir və tələbatın, o cümlədən ehtiyat neft fondunun yaradılması məqsədilə, əhəmiyyətli dərəcədə bərpa olunacağını gözləyir.
Onun sözlərinə görə, hazırda kommersiya və strateji neft ehtiyatlarının həcmi kifayət qədər azdır və onların əhəmiyyətli hissəsi cari əməliyyat proseslərində istifadə olunur.
“Tez-tez 10 milyard barel ehtiyatdan danışılır. Lakin praktikada bu ehtiyatların heç olmasa bir hissəsini dövriyyəyə buraxılmasının nə qədər çətin olduğunu görürük. Beynəlxalq Enerji Agentliyi əvvəlcə 426 milyon barel neftin bazara çıxarılmasına qərar verdi, daha sonra isə bu həcmi əlavə 100 milyon barel artırdı. Beləliklə, ümumi həcm təxminən 500 milyon barelə çatdı. Çinin əlavə ehtiyatlarını da nəzərə almaq lazımdır. Lakin aydındır ki, sözügedən 10 milyard barelin hamısı faktiki olaraq əlçatan deyil. Əks halda, onların bazara çıxarılması ilə bağlı belə çətinliklər yaranmazdı”, - “Saudi Aramco” nun rəhbəri vurğulayıb.
Pərvanə Sultanova