Savadı və hədəfi olanların adamı So­sial şə­bə­kə­də ya­zı­lan­lar

27.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azər İsmayıl, bloger:

- Bu gün xəbərlər yayılıb ki, Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq istəyir və Litvanın XİN rəhbəri bildirib ki, müzakirələr artıq başlayıb. İndiki halda bu, vizasız rejim olmayacaq, çünki vizasız rejim Avropa İttifaqı səviyyəsində məsələdir. Digər tərəfdən də Aİ Azərbaycan vətəndaşları üçün artıq sadələşdirilmiş şengen vizası müraciəti tətbiq edir. Misal üçün, 90 avro əvəzinə 35 avro rüsum alır, daha az sənəd tələb edir və xüsusi şərtlərdə 5 ilədək çoxgirişli viza verir.

Bəs bu danışıqların nəticəsi nə ola bilər?

Daha öncə də bəzi şengen ölkələri və qeyri-şengen ölkələri arasında belə presedentlər olub. Burada daha da sadələşdirilmiş sənəd siyahısı, daha uzunmüddətli vizalar və s. ola bilər. Amma bəzi məsələlər istənilən halda Aİ komissiyası ilə razılaşdırılmalıdır.

Burada diqqətçəkən digər məqam isə Litvanın 2027-ci ilin ilk altı ayında Avropa İttifaqı Şurasına sədrlik edəcəyidir. Bu, Azərbaycanla bağlı viza məsələsinin Aİ gündəliyinə çıxarılması üçün əlverişli imkan yarada bilər.

Qismət Rüstəmov, şair:

- 1914-cü ildə İstanbulun məşhur Bukinistlər meydanında dünyada cəmi bircə nüsxəsi olan bir kitab tapıldı. Əhvalat belədir: Kitab aşiqi Əli Əmiri Əfəndi bukinist Burhan bəyin dükanında vərəqləri dağılmış, köhnə bir əlyazma görür. Kitabı vərəqləyən kimi heyrətə düşür: bu, əsrlərdir tapılmayan Kaşqarlı Mahmudun "Divani lüğət it-türk" kitabıdır! Satıcı kitab üçün 30 qızıl lirə istəyir. Nəzərə alın ki, o dövrdə orta səviyyəli bir məmurun maaşı maksimum 5 qızıl lirə idi. Əli Əmiri Əfəndi özünü o yerə qoymur, bəzi səhifələrin kəm olmağından dəm vurub qiyməti salmağa çalışsa da, bukinist yola gəlmir ki, gəlmir! Deyir ki, əfəndi, bu əlyazmanın bir əhvalatı var. Bunu mənə keçmiş maliyyə naziri Nazif paşanın qohumu olan yoxsul bir qadın gətirib; paşa ölməmişdən qabaq əlyazmanı qadına əmanət edəndə deyib ki, çətinə düşsən, bunu satarsan, amma nəbadə 30 qızıldan ucuza verəsən!      

Əli Əfəndi bir az fikrə gedir, həm kitabın misilsiz dəyərinə, həm də yoxsul qadına kömək etmək üçün bukinistlə razılaşır, amma cibində cəmi 15 lirə varmış. Kitab başqasının əlinə keçməsin deyə tezcə Bəyazıt meydanına qaçır, Darülfunun (indiki İstanbul universitetinin) müdiri, dostu Faiq Rəşad bəydən 20 lirə borc alıb geri qayıdır. 30 lirəyə kitabı alır, 3 lirə də bukinistə bəxşiş verir. Yazılana görə, Əli Əfəndi fərəhdən yeməyi-içməyi unudur, kitaba elə bağlanır ki, onu hamıdan qısqanmağa başlayır. Bircə ən etibarlı dostu, tanınmış dilçi Kilisli Rıfat Əfəndiyə göstərir. İki ay ərzində Rıfat Əfəndi kitabı üç dəfə oxuyur, qarışıq səhifələri səhmana salır və dəqiqləşdirir ki, əlyazma tamdır. Bu müddət ərzində kitabın namı hər yana yayılır, Ziya Göyalp, Fuad Köprülü kimi alimlər əsəri görmək, onu çap etdirmək istəyirlər, amma Əli Əfəndini yola gətirə bilmirlər. Ziya Göyalp bir gün Kilisli Rıfat Əfəndiyə deyir ki, mən sevda nədir bilməzdim, amma üzünü görmədiyim bu kitabdan ötrü yuxum ərşə çəkilib, bir çarə tap, dostunu yola gətir.   

Kilisli Rıfat Əfəndi deyir ki, əgər Sədrəzəm Tələt paşa xahiş eləsə, Əli Əfəndi razılaşar. Ancaq sədrəzəm belə bir işi qəbul edərmi? Məlumat üçün deyim, sədrəzəm o dövrün Baş naziri deməkdir. Ziya Göyalp deyir ki, sədrəzəm köhnə dostumdur, onunla danışmaq mənlikdir. Beləliklə, ədliyyə naziri İbrahim bəyin evində qonaqlıq təşkil olunur, Əli Əfəndi də çağrılır və sədrəzəm Tələt paşa dostlarıyla birlikdə guya "təsadüfən" gəlib ora çıxır. Dövrün baş naziri Tələt paşa böyük ehtiramla Əli Əfəndinin əlini öpür, məclis boyu ona iltifatlar edir, böyük hörmət göstərir və rica edir ki, kitabın çapına icazə versin. Bu səmimi münasibətdən təsirlənən Əli əfəndi kitabına çapına icazə verir, ancaq şərt qoyur ki, onu nəşrə Kilisli Rıfat Əfəndi hazırlasın. Razılıq əldə olunur.

Kitabı çapa hazırlamaq üçün təhvil alan Kilisli Rıfat bəyin yuxusuz gecələri başlayır. Əlyazmanı itirməkdən elə qorxuya düşür ki, onu ictimai kitabxananın saxlancında, dəmir seyfi olan "Vəfa" məktəbində, Maarif Nazirliyinin mühasibatlığındakı kassada saxlamaq üçün tanış-bilişə müraciət edir, amma heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir. Əlacsız qalan Rıfat bəy bir çanta alıb əlyazmanı ora qoyur və evdə divara bir mismar çaxaraq çantanı ordan asır. Uşaqlarını növbə ilə qarovulçu qoyur, dönə-dönə tapşırır: əgər evdə yanğın olsa, bircə bu çantanı götürüb çıxın. Rıfat Əfəndi gecələr çantanı yastığının altına qoyub yatırmış. İl yarımdan sonra nəhayət bu əfsanəvi kitab üç cilddə çap olunur. 

Kitab çapa hazırlanan ərəfədə sədrəzəm Tələt paşa bir tanışı ilə Əli Əfəndiyə 300 qızıl lirə hədiyyə göndərir. Ancaq Əli bəy pulu götürmür və paşaya məşhur ismarıcını göndərir: Lütfünüzə təşəkkür edirəm, amma pulu götürə bilmərəm. Əgər götürsəm, vətənə, millətə etdiyim kiçik bir xidmətə görə pul almış olacam. Bu, vicdanıma ağır gələr. Pulu sizə qaytarıram, onu ehtiyacı olan bir neçə yoxsul ailəyə versəniz, həm bəndəniz minnətdar olaram, həm də Allah razı qalar. Qoyun bu sədəqənin adı da "Divani lüğət it-türk" sədəqəsi olsun.

Nigar Sabirqızı, jurnalist:

- Gənc qadın yol qəzasında həyatını itirib. Amma bəzilərini daha çox onun yanındakı kişinin kimliyi maraqlandırır. Dostu idi? Sevgilisi idi? Axı sizə nə? Tutaq ki, öyrəndiniz. Deyək ki, sevgilisi imiş. Nə dəyişəcək? Faciə daha az faciə olacaq? Bunu biləndə rahatlayacaqsınız? Sizin sevgiliniz, dostunuz yoxdur? Bəlkə başqalarının şəxsi həyatı ilə bu qədər maraqlanmağınızın səbəbi elə həyatınızdakı boşluqdur? Geyimə gəlincə, geyim insanın mənəviyyatının ölçüsü deyil. Kiminsə geyimini ölümündən sonra mühakimə mövzusuna çevirmək hansı əxlaqa sığır? Bir insanın ölümü qarşısında belə şəxsi həyata müdaxilə etmək həvəsindən əl çəkə bilmirsinizsə, problem o qadının kiminlə olması, necə geyinməsi deyil. Problem özünüzdə başqasının həyatına müdaxilə haqqı görməyinizdir. Başqaları haqqında ağzınızdan, qələminizdən, klaviaturanızdan çıxan sözlər  onlardan çox, sizin kimliyinizi və əxlaqınızı ortaya qoyur. Heç kimin həyatı başqalarını mühakimə edəcək qədər qüsursuz deyil.

Nigar Köçərli, "Ali və Nino"nun təsisçisi və direktoru:

- Səmərqəndə gecə reysi ilə gəldik (Bakı-Səmərqənd, 2 saat). Səhər bizi oteldən bələdçimiz götürdü və çox gözəl turumuz başladı.

Bir gün içində gördüyümüz yerlər: Qur Əmir məbədi, Registan kompleksi (3 mədrəsə və məscid), Bibixanım məscidi, Siyob bazarı, Şahi Zinda kompleksi  və bizim istəyimizlə Konigil Meros kağız fabriki də əlavə olundu.

Bəxtimizdən hava çox gözəl oldu. Desəm ki, Səmərqənd möhtəşəmdir, azdır. Şəhəri də, muzeyləri də, insanları da çox sevdik.

Hara səyahət ediriksə, imkan daxilində həmişə bələdçi tuturuq. Heç bir turist kitabı, "Google", "ChatGPT", audiogid və ya tətbiq canlı insanın Vətən sevgisini, biliyini və duyğularını əvəz edə bilməz.

Bu dəfə bələdçimiz Viktoriya xanım oldu. İngiltərədən Hindistana qədər səyahətlərimdə rastlaşdığım bələdçilər arasında ikinci ən savadlısı, ən mehribanı, sözsüz ki, Vika oldu (Birincisi Şuşada Kərim bəy Kərimlidir). Vikanı çox sevdik! Səmərqəndə, bu qədim torpağa onun gözləri ilə baxdıq, onun ürəyi ilə sevdik. Ayrıca təşəkkür mehriban sürücümüz Voris bəyə. Nahar yeməyimizi Şahbaz bəy küçədə aldığı samsa ilə yola verdi. Bazarda Səmərqənd çörəyi (nan), fətir çörəyi (bizimkindən fərqli olaraq bol soğanı olur). Axşam isə "Langhan" kafesində 2 növ Səmərqənd plovu yedik.

Növbəti dayanacaq - Buxara.

lll

- Hindistanın Tamil Nadu ştatında süni intellekt vasitəsilə hazırlanmış kitablarla bağlı böyük qalmaqal yaşanır.

Məlum olub ki, nəşriyyatlar "ChatGPT"dən istifadə edərək minlərlə kitab çap edib, bəzilərini isə heç vaxt mövcud olmayan müəlliflərin adına təqdim ediblər. Hətta tanınmış alim və yazıçıların adından onların yazmadığı kitablar nəşr olunub.

Bunu Hindistanın çox məşhur yazarı Perumal Muruqan aşkar edib (Yeri gəlmişkən onun "Keçinin nəğməsi" kitabı Azərbaycan dilində nəşr olunub).

Bu kitablar od qiymətinə dövlət kitabxanalarına satılıb və dövlət büdcəsindən milyonlar ödənilib.

Nəticədə nəşriyyat rəhbəri həbs edilib, kitabxana sisteminin bir neçə əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

Nə isə, lətifəsi bizdən uzaq.

Sərraf Balaxan, pedaqoq:

- Məleykə Abbaszadə pambıq və taxıl sahələrində, meyvə bağlarında, bostanlarda çalışan, mal-qara saxlayan, amma kitabı da əlindən yerə qoymayan yüz minlərlə mənim kimi kənd uşağının ümidi olub və bu ümid heç zaman sarsılmayıb. Sovet dövründə bilet çəkib imtahan verən, tələbə olsa da, arzuladığı, hətta layiq olduğu ali məktəb ixtisasına daxil ola bilməyən insanlar deyirdilər ki, Məleykə xanım savadı və hədəfi olanların adamıdır.

Minnətdarlıq hissi ilə Məleykə xanıma uğurlar arzulayıram!

Məcid Rəşadətoğlu, jurnalist:

- Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin 108 illik tarixində ilk qadın rektordur. Ali təhsil tariximizdə ilk qadın rektor isə Azərbaycanın ilk qadın hüquqşünası, ilk qadın hüquq elmləri namizədi Bilqeyis Həşimzadə olub.

Naila Balayeva, jurnalist:

- Aydin Balayevin milli kimliyimizin təşəkkülünə həsr etdiyi "Azerbaydjanskie törki" monoqrafiyasını 5 il sonra, anadan olmasının 70 illik yubileyi ərəfəsində nəşr etdirməyə nail olduq. Monoqrafiyada Aydın Azərbaycan dilində olan mənbələrdən sitatlar gətirərək onları rus dilinə tərcümə etmişdi. Buna görə də onun arxivində işləyərək həmin sitatların orijinalını tapıb kitaba olduğu kimi daxil edə biləcək bir tərcüməçi axtarırdım.

Səfərlərimin birində təsadüfən Ruzanna Rəşidqızı ilə tanış oldum və nə yaxşı ki, o, bu kitabın tərcüməsini boynuna götürdü. Ruzannanın tərcüməsi və hörmətli ədibimiz, Aydının təbirincə desəm, Şuşanın simvolu olan Kərim Kərimlinın redaktəsi ilə "Azərbaycan türklər"i monoqrafiyasını Azərbaycan türkcəmizdə nəşr elədik. Bizim bir etnik qrupdan millətə aparan yol bu əsərdə elmi təhlilini tapıb. Maraqlananlar oxuya bilərlər. Tərcümə olunmamış iki əsəri qaldı. Ruzannanın köməyi ilə onları da doğma türkcəmizə çevirməyi planlayıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью