Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb edilib.
Araşdırmalarla müəyyən edilib ki, H.Kazımov və M.İbadov “Telegram” platformasında kompüter, noutbuk və mobil telefonların guya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər. Onlar hazırladıqları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədilə ödənişli internet reklamlarından istifadə ediblər.
Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib. Bununla da kiberdələduzlar həmin kart məlumatlarından istifadə edərək, zərərçəkmişlərin hesablarında olan pulları oğurlayıblar.
Onlar ifşa olunmamaq üçün vəsaitləri müxtəlif mərc oyunları platformalarına və ya faktiki öz nəzarətlərində olan kartlara köçürüblər.
Bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurulduğu müəyyən edilib.
Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.
“Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, internet üzərindən təqdim olunan endirimli satış və ya sərfəli kredit təklifləri ilə rastlaşan zaman ehtiyatlı olsunlar. Bank kartı məlumatlarını yalnız rəsmi internet səhifələrinə daxil etsinlər, ünvan sətrini diqqətlə yoxlasınlar və kartın CVV, həmçinin SMS təsdiq kodunu heç bir halda üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat vermək tövsiyə olunur”, - deyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında qeyd olunur.
Aytən, Bizimyol.info