Azpost saytına istinadən Icma.az xəbər verir.
Saxta və qeyri-səmimi insanı ilk tanışlıq zamanı müəyyən etmək olduqca çətindir. Çünki manipulyatorlar çox vaxt qarşı tərəfdə mükəmməl ilk təəssürat yaratmağı bacarırlar. Lakin onların davranışlarını diqqətlə müşahidə etdikdə gizli xəbərdarlıq siqnalları üzə çıxır.
“YourTango” nəşri elmi araşdırmalara və psixoloqların fikirlərinə istinadən insanın qeyri-səmimiliyini üzə çıxaran səkkiz xüsusiyyəti müəyyənləşdirib.
1. Həddindən artıq qapalı olmaq
Etibarsızlığın ilk əlamətlərindən biri insanın hər şeyi gizli saxlaması və öz zəif tərəflərini göstərməkdən qaçmasıdır.
“Journal of Research in Personality” jurnalında dərc olunan araşdırmaya görə, açıqlıq etimadın əsasını təşkil edir. Daim özünü gizlədən insanlar isə adətən başqalarına da etibar etmirlər.
2. Başqalarının hisslərindən manipulyasiya üçün istifadə etmək
Saxta insanlar bəzən yüksək emosional intellektə malik olurlar. Lakin bu xüsusiyyətdən başqalarını anlamaq və dəstəkləmək üçün deyil, onları idarə etmək məqsədilə istifadə edirlər.
Belə insanlar qarşı tərəfin zəif nöqtələrini tez müəyyənləşdirir və bundan öz maraqları naminə yararlanırlar.
3. Daim şişirdilmiş və uydurma hekayələr danışmaq
Qeyri-səmimi insanların digər xüsusiyyəti öz nüfuzlarını qorumaq və başqalarının gözündə əhəmiyyətli görünmək üçün hadisələri şişirtmələri, hətta müxtəlif əhvalatlar uydurmalarıdır.
“Personality and Social Psychology Bulletin” jurnalında dərc olunan araşdırmada etimadın proqnozlaşdırıla bilən davranış və dürüstlük üzərində qurulduğu vurğulanır. Yalan və uydurmalar isə bu etimadı dağıdır.
4. Verdiyi sözə əməl etməmək
İnsanın dedikləri ilə etdikləri arasında davamlı ziddiyyət varsa, bu, onun etibarlılığına ciddi şübhə yaradır.
Vədlərin yerinə yetirilməməsi, sözlərin davranışla təsdiqlənməməsi zamanla həmin insanın nüfuzunu sarsıdır.
5. Başqalarına vurduğu zərərə görə peşman olmamaq
Qeyri-səmimi insanlar başqalarına zərər verdikdə, adətən, ciddi peşmanlıq hiss etmirlər. Səmimi şəkildə üzr istəmələri də nadir hallarda baş verir.
Araşdırmalar göstərir ki, məhz günahkarlıq hissi insanı səhvlərini düzəltməyə və gələcəkdə zərərli davranışlardan çəkinməyə sövq edir.
6. Həddindən artıq eqoist olmaq
Belə insanlar əsasən öz maraqlarını düşünür, başqalarının ehtiyac və istəklərini nəzərə almaqda çətinlik çəkirlər.
Onlar üçün münasibətlər çox vaxt qarşılıqlı dəstək deyil, şəxsi məqsədlərə çatmaq vasitəsidir.
7. Empatiyanın və emosional həssaslığın olmaması
Dərin emosional soyuqluq və başqalarının hisslərini anlamaq qabiliyyətinin zəif olması sağlam münasibətlər qurmağa mane olur.
Psixoloqlar qeyd edirlər ki, empatiyası olmayan insanlar bəzən öz hisslərini belə anlamaqda çətinlik çəkirlər. Buna görə də ətrafdakılardan emosiyalarını nəzərə almamağı və hər şeyi onların istədiyi kimi qəbul etməyi gözləyirlər.
8. Yalnız şəxsi mənfəət üçün səxavətli olmaq
Saxta insanların səxavəti də çox vaxt seçici xarakter daşıyır. Onlar yalnız bu davranışdan özlərinə hansısa fayda əldə edəcəkləri halda başqalarına kömək etməyə meyilli olurlar.
Beləliklə, insanın qeyri-səmimiliyini yalnız xoş sözlərinə və ilk təəssürata əsasən müəyyən etmək mümkün deyil. Onun davranışlarına, verdiyi sözləri yerinə yetirməsinə, başqalarına münasibətinə və çətin vəziyyətlərdə necə davrandığına diqqət yetirmək daha vacibdir.
Sunay Aydın
Post navigationPrevious: Marsda Everestdən 3 dəfə hündür dağ var – Nəhəng vulkanın sirri