Icma.az bildirir, Modern.az portalına istinadən.
Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulması görə yeni cərimələr müəyyənləşir.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun uyğun olaraq Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməyən şəxsin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmasına, o cümlədən özünə münasibətdə “məhkəmə eksperti” ifadəsindən və ya təşkilatların adında “məhkəmə ekspertizası” sözlərindən istifadə edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər isə 3000 manat məbləğində cərimə ediləcək.
Məhkəmə ekspertinə hər hansı formada təsir göstərilməsinə və ya məhkəmə ekspertizası aparıldığı zaman məhkəmə ekspertinə mane olunmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 900 manat məbləğində cərimə ediləcək.
Məhkəmə ekspertizası idarəsi rəhbərinin sorğusu əsasında, mülkiyyət formasından asılı olmayaraq, idarə, təşkilat və müəssisələr tərəfindən məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon nümunələrinin və texniki məlumatların məhkəmə ekspertizası idarəsinə təqdim edilməməsinə görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 2 000 manat, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə ediləcək.