Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir müddət əvvəl Anar Mehdiyev adlı şəxs özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edərək bir neçə sahibkara qarşı dələduzluq edib.
Oxu.Az xatırladır ki, o, saxta sənədlər və hərbi forma ilə şirkət rəhbərlərinin etimadını qazanaraq onlara ümumilikdə 358 min manatlıq maddi ziyan vurub.
Mehdiyev müxtəlif şəxslərə mayor, polkovnik-leytenant və polkovnik rütbəsində olduğunu deyib, özünü Müdafiə Nazirliyinin Təchizat şöbəsinin nümayəndəsi kimi təqdim edib. Bu yolla onminlərlə manatlıq ət məhsulları, eləcə də təkər və akkumulyatorları götürərək satıb, əldə etdiyi pulu mənimsəyib. Etibarı artırmaq üçün bəzi hallarda əldə etdiyi vəsaitin bir hissəsini zərərçəkənlərə geri qaytarıb.
Sözügedən məsələ hərbi formaların satışına nəzarət məsələsini yenidən gündəmə gətirib.
Araşdırmamız zamanı məlum olub ki, paytaxtın müxtəlif ərazilərində yerləşən hərbi geyim mağazalarında satış sərbəst şəkildə həyata keçirilir. Onlar hərbi forma və rütbələrlə bağlı sifarişləri heç bir rəsmi sənəd tələb etmədən qəbul edirlər. Qiymətlər isə olduqca əlçatandır.
Göründüyü kimi, hərbi formaların daşınmasına dair xüsusi qanunvericilik bəndi olsa da, satışına dair müvafiq müddəa mövcud deyil.
Məsələ ilə bağlı Oxu.Az-a danışan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, bu, təkcə fırıldaqçılıq deyil, həm də qanunvericilikdə mövcud boşluğun nəticəsidir.
O vurğulayıb ki, hərbi geyimlərin satışına və dövriyyəsinə praktik olaraq nəzarət yoxdur:
"Hadisə baş verdikdən sonra addımlar atılır. Amma bu, adi geyim deyil, dövlətin vizual atributudur. Vətəndaş üçün forma səlahiyyət və legitimlik yaradır. Bu cür hərəkətlər isə məhz dövlətin nüfuzuna zərbə vurur. Hazırda satış məntəqələrində hərbi formaya bənzər, paqonlu və ya nişanlı geyimlər açıq şəkildə satılır. Lakin həmin formanın hansı məqsədlə alındığının qeydiyyatı aparılmır. Qanunvericilik sahəsində problem ondan ibarətdir ki, hərbi formalarla bağlı anlayışlar dəqiq müəyyənləşdirilməyib. Bunun qanunvericilik səviyyəsində Nazirlər Kabineti tərəfindən tənzimlənməsi vacibdir. Hüquq-mühafizə orqanları çox vaxt geyimlə bağlı pozuntuları müəyyən etməkdə çətinlik çəkir. Problem yalnız hərbi formaların satışının qadağan olunması ilə həll edilmir. Satış məntəqələrinə qeydiyyat və lisenziya üzrə icazələr verilməlidir".
Ə.Nuriyev qeyd edib ki, məsələ həllini tapmayacağı təqdirdə, bu, gələcəkdə sistemli xarakter ala bilər:
"Həmçinin risk təkcə hərbi geyimlə törədilən cinayətlərdə deyil, dövlət atributlarının nəzarətsiz qalmasındadır. Mövzuya simvolların qorunması prizmasından baxmaq lazımdır. Həmin geyimlərin üzərində dövlət simvolları var. Dediyim kimi, satışın müəyyənləşdirilməsi üçün lisenziyalar tətbiq olunmalıdır".
Müdafiə Nazirliyindan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hərbi geyim formasını qanunsuz olaraq daşıyan şəxslər İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə olunurlar.
Nazirlikdən bildirilib ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan və hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil edilən tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya bilərlər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas isə Oxu.Az-a açıqlamasında qanunvericilikdə iddia edilən boşluqlara münasibət bildirdib.
O qeyd edib ki, bununla bağlı müvafiq addımlar atılacaq:
"Formaların satışı zamanı alıcıdan vəsiqə tələb olunmalıdır. Sözügedən məsələ maraqlıdır və üzv olduğum komitənin növbəti iclaslarında bunu müzakirəyə çıxarılmasını təklif edib müvafiq təkliflərimi səsləndirəcəyəm".
Məlik Məlikov