Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə sosial şəbəkələrdə və internetdə müharibə və siyasi hadisələrlə bağlı çoxlu sayda görüntülər və məlumatlar yayılır. Lakin bu məlumatların hamısı həqiqəti əks etdirmir. Aİ vasitəsilə hazırlanan saxta videolar, manipulyasiya olunmuş şəkillər və yanlış xəbərlər informasiya məkanında ciddi qarışıqlıq yaradır.
Bununla bağlı Demokrat.az-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov deyib ki, süni intellektin imkanları artdıqca informasiya mühitində yaranan kirlilik xüsusilə müharibə və böhran dövrlərində hər birimiz üçün ciddi sınağa çevrilir:
“Saxta məlumatı doğrudan ayırd etmək üçün ilk növbədə vizual materiallara qarşı rəqəmsal şübhə ilə yanaşmaq zəruridir. Müasir "Deepfake" və generativ süni intellekt texnologiyaları nə qədər mükəmməl olsa da, hələ də müəyyən texniki izlər qoyur; məsələn, görüntüdəki insanların göz qırpma hərəkətlərinin qeyri-təbii olması, fon elementlərinin (ağaclar, binalar) qəribə şəkildə dumanlanması və ya işıq kölgələrinin fizika qanunlarına zidd düşməsi şübhə doğuran məqamlardır. Müharibə kadrlarının həqiqiliyini yoxlamaq üçün ən effektiv üsullardan biri tərs şəkil axtarışı texnologiyasından istifadə etməkdir. Çox vaxt yeni və dəhşətli kadrlar kimi təqdim edilən görüntülər əslində illər əvvəl başqa bir ölkədə çəkilmiş və ya hətta kompüter oyunlarından götürülmüş simulyasiyalar olur”.
O bildirib ki, “Google Images” və ya “TinEye” kimi alətlər vasitəsilə şəkli axtarışa verdikdə onun internetdəki ilk qaynağını və real tarixini müəyyən etmək mümkündür:
“Bu, rəsmi beynəlxalq agentliklərlə sıx ünsiyyətdə olan fakt-yoxlama platformalarının da müraciət etdiyi əsas metoddur. Rəqəmsal dövrdə məlumatın doğruluğunu müəyyən etmək həm texniki bilik, həm də yüksək vətəndaş məsuliyyəti tələb edir. Duyğusal manipulyasiyaya yönəlmiş, dərhal reaksiya verməyə və paylaşmağa sövq edən xəbərlər çox vaxt saxta olur. İnformasiya kirliliyindən qorunmağın ən sadə yolu rəsmi mənbələrin təsdiqini gözləmək və məlumatı paylaşmazdan əvvəl rəqəmsal gigiyena qaydalarına əməl etməkdir. Unutmayaq ki, saxta xəbərə qarşı ən güclü silahımız hər hansı bir proqram təminatı deyil, məhz bizim təmkinimiz və məlumatı süzgəcdən keçirmə bacarığımızdır”.
Leyla Turan
Demokrat.az