Saytın adını Əli ilə mən seçməmişik Famil Fərhadoğlu

10.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycanın aparıcı onlayn media resurslarından biri olan Manşet.az xəbər portalının fəaliyyətə başlamasının 5 ili tamam olur. Yubiley münasibətilə portalın təsisçilərindən biri və direktor Famil Fərhadoğlu ilə həmsöhbət olduq. O, saytın yaranma tarixindən, bu günə qədər keçdiyi inkişaf yolundan və gələcək planlarından danışıb.

Famil Fərhadoğlu bildirib ki, Manşet.az ideyası əvvəlki iş yerindən ayrıldıqdan sonra formalaşıb:

"Bir xəbər portalında çalışırdım. Həmin iş yerindən ayrıldıqdan sonra öz media layihəmi yaratmaq barədə düşünməyə başladım. Bu qərarımı yaxınlarımla bölüşəndə qrup yoldaşım və dostum Əli Vəliyev təklif etdi ki, portalı birlikdə təsis edək. Daha sonra uyğun ad axtarmağa başladıq. Lakin seçdiyimiz adların domenləri artıq alınmışdı. Bu zaman həyat yoldaşım 'Manşet' adını təklif etdi. Açığı, bu domenin boş olacağına inanmırdım. Yoxladıq və gördük ki, həqiqətən də boşdur. Beləliklə, Manşet.az yarandı".

Direktorun sözlərinə görə, vaxtilə kirayə mənzildə əsası qoyulan portal bu gün ölkənin istinad olunan media resurslarından birinə çevrilib:

"Manşet.az mənim üçün çox doğma layihədir. Çünki ilk addımlarını kirayədə yaşadığım evdə atmışıq. Bu gün isə portal Azərbaycanın aparıcı özəl xəbər resurslarından biri kimi tanınır. Xəbərlərimizə müxtəlif media qurumları, saytlar və informasiya agentlikləri istinad edir".

Famil Fərhadoğlu ölkədə mediaya göstərilən dövlət dəstəyini də yüksək qiymətləndirib:

"Azərbaycanda mediaya böyük diqqət və qayğı var. Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşləri, jurnalistlərə göstərilən diqqət bu sahənin inkişafına ciddi töhfə verir. Biz də müxtəlif media layihələri üzrə keçirilən müsabiqələrdə iştirak etmiş və bir neçə dəfə qalib olmuşuq".

Portalın əməkdaşlarının seçilməsi prinsiplərindən danışan baş redaktor bildirib ki, bütün namizədlər müsahibə yolu ilə müəyyənləşdirilir:

"Manşet.az yarandığı gündən əməkdaş seçimində peşəkarlığa üstünlük verir. Namizədlərlə fərdi söhbətlər aparır, onların təcrübəsini, xəbər duyumunu və jurnalistikaya yanaşmasını qiymətləndiririk. Xəbər seçimi, başlıq qurmaq bacarığı, vizual materiallardan istifadə və gündəmə uyğun mövzu müəyyənləşdirmək kimi meyarlar əsas götürülür. Sevindirici haldır ki, vaxtilə bizimlə çalışan əməkdaşların bir çoxu hazırda müxtəlif xəbər portallarında, informasiya agentliklərində, qəzetlərdə və televiziya kanallarında fəaliyyət göstərirlər".

Gələcək planlardan danışan Famil Fərhadoğlu bildirib ki, əsas məqsəd oxucu auditoriyasını genişləndirmək və multimedia istiqamətində inkişaf etməkdir:

"Hazırda ölkənin aparıcı media qurumları xəbərlərimizə istinad edirlər. Bu, bizim üçün böyük etimad göstəricisidir. Qarşıdakı dövrdə əsas hədəfimiz oxucu auditoriyasını daha da genişləndirmək, gündəlik ziyarətçi sayını artırmaq və multimedia imkanlarımızı inkişaf etdirməkdir. Artıq informasiya istehlakı daha çox sosial şəbəkələr üzərindən həyata keçirilir. Buna görə də videokontentlərin sayını artırmaq, sosial media platformalarında daha aktiv olmaq niyyətindəyik".

Direktor qeyd edib ki, sosial şəbəkələrdə əldə olunan nəticələr gələcəyə nikbin baxmağa əsas verir:

"TikTok, Instagram, Telegram və Facebook kimi platformalarda aktiv fəaliyyət göstəririk. Xüsusilə TikTok hesabımızda 1 milyon, 2 milyon, 3 milyon, hətta 10 milyondan çox baxış toplayan videolarımız var. Bu göstəricilər auditoriyanın bizə olan marağını göstərir. Qarşıdakı dövrdə də sosial media fəaliyyətimizi genişləndirəcək, oxucularımıza daha operativ və keyfiyyətli informasiya təqdim etməyə çalışacağıq".

Famil Fərhadoğlu vurğulayıb ki, Manşet.az bundan sonra da jurnalistikanın əsas prinsiplərinə sadiq qalacaq:

"Bizim üçün əsas prioritet özəl xəbərlər hazırlamaq, etibarlı mənbələrə istinad etmək, qərəzsiz və operativ informasiya təqdim etməkdir. Oxucuların etimadını qorumaq və cəmiyyətin informasiya tələbatını peşəkar şəkildə qarşılamaq üçün fəaliyyətimizi davam etdirəcəyik".

Biz də Milli.Az Xəbər Portalı adından həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью