Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır”.
Gununesi.info xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müshibəsində deyib.
Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasların genişləndirilməsi istiqamətində işlər aparılır:
“Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə aparılan kadr hazırlığına analoji olaraq, SDU-da da yeni ixtisasların açılması nəzərdə tutulur. Sumqayıt Dövlət Universitetində növbəti illərdə hüquqşünaslıq və tibb ixtisaslarının açılması ilə bağlı Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılması planlaşdırılır. Əlbəttə, ilk növbədə hüquqşünaslıq ixtisası nəzərdə tutulur.
Çünki bu sahədə kadr hazırlığına başlamaq üçün ciddi problem yoxdur. Mövcud infrastruktur tələbə qəbuluna və tədrisin təşkilinə imkan verir.
Bu, region üçün də çox önəmlidir. Abşeron-Xızıyla yanaşı, təhsil coğrafiyasında mühüm yer tutan Quba-Xaçmaz iqtisadi rayonu da əhəmiyyətli bölgələrdən biridir və burada 1,2 milyondan artıq əhali yaşayır. Eyni zamanda, sözügedən coğrafiyada kənd təsərrüfatı sahəsi üzrə də ixtisasların açılması barədə düşünürük.
Bu il iki yeni ixtisas üzrə kadr hazırlığının təşkili ilə bağlı müvafiq sənədləri nazirliyə təqdim etmişik.
Bunlar data analitikası və proqram mühəndisliyi ixtisaslarıdır. Hesab edirəm ki, növbəti tədris ilindən Sumqayıt Dövlət Universitetində hər iki ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək”.