Icma.az bildirir, Azertag portalına istinadən.
London, 30 yanvar, AZƏRTAC
Azərbaycanın Britaniyadakı səfirliyində Xəzər dənizi sahilində salınan “Sea Breeze” gələcəyin şəhəri meqa infrastruktur layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yüzdən artıq qonağın dəvət olunduğu tədbirdə Londonda fəaliyyət göstərən daşınmaz əmlak, investisiya şirkətlərinin, bank və maliyyə sektorunun nümayəndələri, sahibkarlar, diplomatik korpusun üzvləri, hökumət rəsmiləri iştirak ediblər. Tədbirdə çıxış edən “Sea Breeze”in təsisçisi Emin Ağalarov layihənin inkişaf perspektivləri, qarşıdakı illər üçün planları və həyata keçirilən iri infrastruktur təşəbbüsləri barədə ətraflı məlumat verib. O, layihənin miqyasının genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb və yeni mərhələlər üzrə görülən işlərdən danışıb.
Emin Ağalarov bildirib ki, hazırda bir sıra beynəlxalq brendlərlə hotellər və rezidensiyalar üzrə layihələr razılaşdırılıb və tikinti mərhələsindədir. Layihə çərçivəsində bir neçə kiçik marina konsepsiyasının seçildiyini bildirən Emin Ağalarov vurğulayıb ki, məqsəd insanların bir marinadan digərinə səyahət edərək fərqli məkanlar və istirahət mühiti hissini yaşamasıdır.
Emin Ağalarov “Half Moon” adası üzrə işlərin sürətlə davam etdiyini, yay aylarınadək adanın “yarım hissəsinin” tamamlanacağını qeyd edib. O, adanın 50 hektar ərazini əhatə etdiyini və burada 1 milyon kvadratmetr tikinti potensialının olduğunu diqqətə çatdırıb. Emin Ağalarov “Sea Breeze”də Avropada ən böyük, dünyada isə beşinci ən böyük dünya səviyyəli kazino inşa edildiyini də əlavə edib. Onun fikrincə, kazino beynəlxalq poker turnirlərini cəlb edərək aylıq 3-5 min ziyarətçini layihəyə gətirə bilər. Emin Ağalarov, həmçinin “Sea Breeze”in infrastrukturu barədə danışaraq burada iki məktəb, uşaq bağçası, incəsənət mərkəzi və xəstəxananın da yer aldığını qeyd edib.
Layihənin daşınmaz əmlak istiqamətinə toxunan Emin Ağalarov “Sea Breeze” çərçivəsində yaşayış və investisiya imkanlarının paralel şəkildə inkişaf etdirildiyini bildirib. Onun sözlərinə görə, layihədə satış və icarə mexanizmləri uzunmüddətli gəlirliliyi təmin edəcək formada qurulub, servis və idarəetmə sistemi isə mövsümilikdən asılılığı minimuma endirilməyə yönəlib. Məqsəd alıcılar üçün sabit və davamlı passiv gəlir imkanları yaratmaqdır.
“Scott Brovnrigg” şirkətinin baş icraçı direktoru Darren Komber bildirib ki, “Sea Breeze” sadəcə olaraq yaşayış və otel layihəsi deyil, miqyasına görə yeni şəhər kimi formalaşır və ölkənin inkişaf gündəliyinə uyğun planlaşdırılır. Onun sözlərinə görə, master-plan hazırlanarkən Azərbaycanın 2030 gündəliyinin prinsipləri əsas götürülüb və planın dayanıqlı olması üçün bir neçə əsas sütun master-plana inteqrasiya edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın son illərdə sürətli və davamlı inkişaf mərhələsindən keçdiyini bildirib. O, ölkədə həyata keçirilən genişmiqyaslı layihələrin və əldə olunan nailiyyətlərin Azərbaycanın ümumi inkişaf dinamikasını aydın şəkildə əks etdirdiyini qeyd edib. Səfir tədbir iştirakçılarını Azərbaycana səfər etməyə və ölkədəki layihələr ilə tanış olmağa çağırıb.
Təqdimatda “Sea Breeze” çərçivəsində müxtəlif otellər, rezidensiyalar, bulvar və sahilyanı zona, tədbir və konsert infrastrukturu, həmçinin gələcəkdə digər regionlarda dağ kurortu konsepti (“Sky Breeze”), şəhər layihələri (“City Breeze”) və xaricdə yeni təşəbbüslər barədə də məlumat verilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London