Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 11 noyabr, AZƏRTAC
Müxtəlif məcmuə və araşdırmalardan toplanmış doqquz qəzəl Qənbəroğlunun ədəbi mirasının daha zəngin olduğunu ehtimal etməyə əsas verir və bu irsin xüsusi tədqiqinə ehtiyac duyulduğunu göstərir. Şair anadilli divan ədəbiyyatının ilk nümayəndələrindən olduğu üçün Azərbaycan ədəbiyyatı tarixində də layiq olduğu yeri tutmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva söyləyib.
O diqqətə çatdırıb ki, Babur şah kimi dövlət xadimlərinin söz sənətkarı olaraq özünə örnək götürdüyü Qənbəroğlunun bədii mirası öyrənilməyə layiqdir:
Bu dörd nəsnə rəvan olmuş yarın şirin dodağından:
Biri şəkkər, biri kövsər, biri miskü biri ənbər.
“Salman Mümtaz tərəfindən Şəkidəki məscidlərin birində əldə edilərək üzə çıxarılan və Ənbəroğlu təxəllüsü ilə təqdim olunan şeir əslində Qənbəroğluya aiddir. Tanınmış tədqiqatçının Ənbəroğlu kimi təqdim etdiyi şair də elə Qənbəroğludur. Bunun bir sübutu həmin şeirin Türkiyə nəşrlərində Qənbəroğlu təxəllüsü ilə verilməsidir. Bundan başqa, XIII–XV yüzilliklərdə bu tipli təxəllüs seçimi (Həsənoğlu, Bəhramoğlu, Kamaloğlu, Yəhyaoğlu və s.) ata adına görə edildiyi və Ənbərin kişi adı kimi istifadəsinə rast gəlinmədiyi üçün belə bir təxəllüsün mövcudluğu şübhə doğurur”, - deyə S.Şıxıyeva əlavə edib.