Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

13.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 noyabr, AZƏRTAC

Hər bir xalqın adət-ənənəsi onun əsrlər boyu formalaşmış mədəniyyətini, mənəvi dəyərlərini və fəaliyyət sahəsini özündə əks etdirir. Bu mədəniyyət nümunələri keçmişin yadigarıdır və gələcək nəsillərə ötürülməsi üçün mühüm vasitədir. Bu gün təqdim olunan sərgi qazax xalqının zəngin mədəni irsi ilə daha yaxından tanış olmaq üçün imkan yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərginin açılışında mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib. Nazir müavini qeyd edib ki, Azərbaycan və Qazaxıstanın tarixi, dini, mədəni əlaqələri əsrlərlə qorunub saxlanılıb: “Ortaq türk köklərimiz, oxşar mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynayır. Bu münasibətlər bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdirilir”. O vurğulayıb ki, bugünkü sərginin Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Tarix Muzeyi Azərbaycan milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin öyrənilməsi, qorunması, təbliği istiqamətində mühüm işlər görür. Belə bir tarixi məkanda qardaş Qazaxıstanın ənənəvi mədəniyyətinə həsr olunmuş sərginin təşkili xalqlarımızın mədəni yaxınlığının nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sərginin təşkil edilməsi Qazaxıstanın keçdiyi inkişaf yolunun özünəməxsus xüsusiyyətlərini ehtiva etməklə yanaşı, böyük Türk dünyasının mədəniyyətinin varisi olan qazax xalqının etnik mədəniyyətində ənənələrin davamlılığını əks etdirir. Bu sərgi Azərbaycan-Qazaxıstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Müxbir-Xatirə Cəfərova

Fotoqraf-Xanlar Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью