Səbail 2 legionerindən qurtula bilmir

09.07.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024/2025 mövsümünü sonuncu pillədə bitirərək I Liqaya yuvarlanan "Səbail"in əksər legionerlərinin müqavilələrinin müddəti başa çatdığı üçün Bayıl klubunu azad agent statusu ilə tərk ediblər. Bununla belə, iki əcnəbi oyunçu hələ də bakılılara məxsusdur.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Səbail" serbiyalı müdafiəçi Marko Nikoliçlə mərakeş əsilli vinger Süleyman Alluşdan qurtulmağa çalışır.

Onların müqavilələri davam edir. Bu qış "Səbail"ə transfer olunan mərkəz müdafiəçinin müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 2024-cü ilin fevralında "dənizçilər"ə keçən Alluş da gələn ilin yayında azad agent olacaq. 

"Səbail" onları I Liqada oynatmağı düşünmür. Çünki hər ikisinin məvacibi yüksəkdir.

Klubun icraçı direktoru Firuz Abdulla saytımıza açıqlamasında bu barədə belə deyib: "Həm Nikoliçin, həm də Alluşun müqavilələri qüvvədədir. Hazırda onlarla danışıq aparırıq. Ümid edirik ki, müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam vermək üçün razılığa gələ biləcəyik".

Xatırladaq ki, 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" 8 ildən sonra I Liqaya yuvarlanıb.

Mirağa   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью