futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
I Liqanın yeni mövsümü 6 turu haqlayıb. Başlamazdan əvvəl ən iddialı görünən “Səbail” cəmi 11 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
Klubun yeni rəhbəri Mirzə Bayrampur ictimaiyyətə açıqlamışdı ki, klub Qubaya köçəcək və rayonun adını daşıyacaq.
Ancaq hələ heç biri alınmayıb. Quba Olimpiya Kompleksinin stadionunun problemlərini tam həll edəcəklərini rəsmən bəyan etsələr də, PFL niyəsə klubun orada məskunlaşmasına israrla qarşı çıxır. Bu səbəbdən gələcəyin “Quba”sı Masazır stadionunda məskunlaşıb.
Bunlar bir yana, Premyer Liqaya iddialı komandanın nəticələri də qənaətbəxş deyil.
Qeyri-rəsmi məlumatlara görə, liqanın ən imkanlı klubu “Səbail”dir. Lakin gedişat ümidverici deyil.
6 oyunda cəmi 8 qol vurulub, 5-i buraxılıb. Sondan ikinci olan “Zaqatala”ya 3 qol – vəssalam, başqa məhsuldar oyun yoxdur.
Yeni yaradılmış “Gəncəbasar” liderdir, “Şahdağ” və “Ordu” İK da irəli buraxılıb.
“Səbail”in rəqabət aparmalı olduğu klublar elə bunlar idi, hamısı da üst pillədə.
Faktiki vəziyyət kafidir və böyüyən xal fərqi işləri daha da çətinləşdirir.
Bəs ən imkanlı və ən iddialı klub niyə proqnozları doğrultmur?
Burada müxtəlif səbəblər sadalamaq olar, lakin baş məşqçi amili daha qabarıq nəzərə çarpır.
Elnur Abdullayevin bundan əvvəlki iş təcrübəsi yalnız II Liqada olub (“Şahdağ Qusar”).
C kateqoriyalı məşqçi ilə Premyer Liqaya yüksəlməyi hədələmək qüsurlu yanaşmadır. Klub rəhbərliyi az təcrübəli məşqçi ilə bu yola çıxmağın məntiqini nədə görüb?
Kamil Əhməd