Səbinə Seyidova: Xaricdən dezinformasiya hücumları müşahidə olunur

19.11.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycanda, eləcə də qonşu ölkələrdə böyük siyasi hadisələr cərəyan etdiyi vaxtlarda tez-tez xaricdən qaynaqlanan dezinformasiya hücumları müşahidə olunur.

Bunu Media və Yayım Şurasının Dezinformasiya ilə mübarizə şöbəsinin müdiri Səbinə Seyidova Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı, COP29 dövründə və daha yaxın keçmişdə ABŞ, İsrail və İran arasındakı gərginlik fonunda bu kimi kampaniyalar baş verib. Təkcə oktyabr ayında Media və Yayım Şurası Azərbaycana qarşı yönəlmiş dezinformasiya kampaniyaları ilə bağlı altı ictimai bəyanat yayıb.

Şöbə müdiri əlavə edib ki, media qurumları "deepfake"ləri aşkarlamağa kömək edə biləcək texnoloji vasitələrdən də istifadə etməlidirlər:

"İndi kifayət qədər süni intellekt detektoru var. Lakin bir mühüm məqamı unutmamalıyıq ki, heç bir süni intellekt aşkarlama aləti 100 faiz dəqiqliyə zəmanət verə bilməz. Buna görə də texnologiya jurnalist araşdırmasını və insan təcrübəsini əvəz etməməli, onu dəstəkləməlidir".

S.Seyidova bildirib ki, dezinformasiya ilə mübarizə heç vaxt həqiqəti qorumaq adı altında fərqli fikirləri məhdudlaşdırmaq alətinə çevrilməməlidir.

///Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью