Icma.az, Redaktor.az saytına istinadən bildirir.
“Yeddi günlük proqram elan etdik, seçim indi ABŞ-dədir”.
Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı deyib.
Nazir Qətərin vasitəçiliyi ilə Vaşinqtona təqdim edilən proqramla bağlı danışarkən vurğulayıb ki, ölkəni bombalamaq, məhv etməklə hədələmək və blokadaya almaq dəniz təhlükəsizliyinin bərpasına şərait yaratmır.
Əraqçi İranın suverenliyini və qanuni maraqlarını müdafiə etməyə davam edəcəyini, eyni zamanda, sülhə nail olmağa çalışdığını bildirib. O, regional təhlükəsizliyin hərbi müdaxilə ilə deyil, bölgə ölkələri arasında əməkdaşlıq yolu ilə təmin edilməsinin vacibliyini də vurğulayıb.
XİN rəhbəri Yəmən və Səudiyyə Ərəbistanı arasındakı gərginliyə də toxunaraq, İranın hər iki ölkənin müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, Əraqçinin sentyabrın 26-da BMT-də verdiyi açıqlamaya əsasən, ABŞ şərtləri yerinə yetirərsə, Hörmüz boğazı altıncı gün açıla, danışıqlar isə yeddinci gün başlaya bilər. O, təklifdəki şərtlərin tərəflər arasında imzalanmış anlaşma memorandumunda əks olunduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp isə İranın vasitəçilər üzərindən irəli sürdüyü yeddi günlük atəşkəs təklifini rədd edərək, onu “qəbuledilməz” adlandırıb.