Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib.“Əslində, prosesə baxdıqda tərəflərin bu günə qədər böyük məsafə qət etdiyini görürük. Bu baxımdan, hazırkı mərhələni tarixi dövr və mühüm mərhələ kimi qiymətləndirmək olar. Artıq müharibə yoxdur, atəşkəs rejimi hökm sürür və itkilər yaşanmır. Azərbaycan və Ermənistan konstruktiv əməkdaşlıq edərək münasibətlərin inkişaf etdirilməsi istiqamətində addımlar atırlar”.
O bildirib ki, bu gün atılan addımların əsas məqsədi sülh prosesinə töhfə vermək və münasibətlərin normallaşmasını sürətləndirməkdir:
“Nikol Paşinyan seçkilərin nəticələrini gözləyirdi və həmin nəticələrdən sonra Ermənistan tərəfi daha ciddi addımlar atacaq. Bu da tərəflərin qarşılıqlı etimad şəraitində irəliləməsinə imkan verəcək. Hazırda sülh müqaviləsinin imzalanmasına mane olan bir neçə məsələ mövcuddur. Ermənistan tərəfi həmin məsələlərin həlli istiqamətində çalışır, müəyyən addımlar atır və səy göstərir. Bu istiqamətdə görülən işlər ümumi münasibətlərin daha da möhkəmlənməsinə, inkişafına və irəliləməsinə xidmət edəcək. Paşinyanın bundan sonra daha real və konkret addımlar atması vacibdir. Burada söhbət Qarabağla bağlı fəaliyyət göstərən strukturların ləğvindən, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsindən və yekun sülh müqaviləsinin imzalanmasından gedir”.
Onun sözlərinə görə, Paşinyan da məhz hazırkı mərhələni gözləyirdi:
“Növbəti mərhələdə tərəflər artıq konkret sənədlərin imzalanması istiqamətində addımlar atacaqlar və nəticə etibarilə regionda müharibə dövrünün tam şəkildə başa çatdığının şahidi olacağıq. Bu, Azərbaycanın uzun müddətdir qarşıya qoyduğu əsas məqsəd və hədəflərdən biri idi. Hazırda baş verən proseslər həmin məqsədlərə çatmağa mühüm töhfə verəcək. Nəticədə tərəflər yekun razılığa gələrək qarşıya qoyduqları hədəflərə daha yaxınlaşacaqlar”.
Qısaca, Azərbaycanla Ermənistan sülhə çox yaxındır, artıq itki yoxdur və sakitlikdir. Paşinyan seçkilərin bitməsini gözləyirdi, indi isə sülh müqaviləsinin imzalanması üçün konstitusiyanı dəyişmək və Qarabağla bağlı köhnə qondarma qurumları tamamilə ləğv etmək kimi konkret işlər görməlidir.
Leyla Turan
Demokrat.az