Seçkilərin nəticəsindən çox bu vacibdir AÇIQLAMA

08.06.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda keçirilən seçkilərdən sonra ölkədə formalaşacaq yeni siyasi konfiqurasiya regionda baş verən proseslər fonunda diqqət mərkəzindədir. Seçkilərin nəticələri ilk növbədə Ermənistanın daxili siyasi gündəmini müəyyənləşdirsə də, yeni hakimiyyətin xarici siyasət prioritetləri, xüsusilə qonşu ölkələrlə münasibətlərə yanaşması regional proseslərə təsir göstərə biləcək amillər sırasında qiymətləndirilir. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf istiqaməti, sülh gündəliyinin davam etdirilməsi və regionda sabitliyin möhkəmləndirilməsi məsələləri xüsusi maraq doğurur.
Mövzu ilə bağlı Demokrat.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistanda keçirilən seçkilər və onların nəticələri həmin ölkənin daxili məsələsidir və bu prosesə qiymət vermək ilk növbədə Ermənistanın aidiyyəti dövlət institutlarının səlahiyyətinə daxildir.
Deputatın sözlərinə görə, beynəlxalq praktikada seçkilərdən sonra əsas məsələ formalaşan hakimiyyətlə münasibətlərin qurulması və qarşılıqlı əməkdaşlıq imkanlarının qiymətləndirilməsidir:
"Ermənistan hakimiyyəti və Ermənistan qanunları buna rəy vermək, tədbir görmək və reaksiya vermək səlahiyyətinə malikdir. Digər ölkələr seçkilərin nəticəsini qəbul etməli və yeni seçilən hakimiyyətlə münasibətlər qurmalıdırlar. Azərbaycan üçün vacib olan yeni seçilən hakimiyyətin Azərbaycanla hansı münasibətləri quracağıdır. Əgər keçmiş və yeni hakim partiya bildirirsə ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq və yaxşı qonşuluq münasibətləri qurmaq istəyir, Azərbaycan buna yalnız müsbət cavab verər. Vətən müharibəsindən sonra regionda sülhün əsası qoyulub və hər bir dövlət sülhün qorunub saxlanmasına öz töhfəsini verməlidir. Ermənistandan da gözlənilən budur".
Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Bu baxımdan Ermənistanın yeni siyasi rəhbərliyinin atacağı addımlar iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyacaq.
Deputatın fikrincə, sülh prosesinin davam etdirilməsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyi və inkişafı baxımından da vacibdir. Regionda davamlı sülhün təmin olunması nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə və yeni inkişaf imkanlarının yaranmasına şərait yarada bilər.
Ermənistanda seçkilərdən sonra formalaşacaq hakimiyyətin mövqeyi regionda gedən proseslərin gələcək istiqamətinə müəyyən təsir göstərəcək. Xüsusilə sülh sazişi ilə bağlı danışıqların taleyi, qarşılıqlı etimadın gücləndirilməsi və normallaşma prosesinin sürətləndirilməsi məsələləri yeni siyasi mərhələnin əsas mövzularından biri olacaq. Bu baxımdan Azərbaycan üçün əsas prioritet seçkilərin nəticəsindən daha çox, yeni hakimiyyətin regionda sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquq normalarına hörmət və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində konkret addımlar atmasıdır. Məhz bu yanaşma regionda sabitliyin qorunmasına və uzunmüddətli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edə bilər.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью