Icma.az, Modern.az portalına istinadən məlumat verir.
İsrailin Baş naziri Benyamin Netanyahu parlament seçkilərində özünün təmsil olunduğu sağçı blokun üstünlük qazandığını bəyan edib. Bununla belə, o, yekun nəticələri gözləməyə çağırıb.
Modern.az xəbər verir ki, Netanyahu bu barədə Qüdsdə rəhbərlik etdiyi “Likud” partiyasının seçki qərargahında çıxışı zamanı danışıb.
“Sağçı blok sionist ictimaiyyət arasında və dövləti dəstəkləyən bütün qüvvələr arasında açıq və həlledici üstünlüyə malikdir”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrailə sağçı, milli və güclü hökumət lazımdır.
Netanyahu hesab edir ki, İsraili təhlükə altına atmaq və antisionist ərəb partiyalarına arxalanan hökumət yaratmaq yolverilməzdir.
“Bununla belə, biz hələ də yekun nəticələri gözləyirik”, – deyə İsrailin baş naziri əlavə edib.
Netanyahu çıxışında İranla bağlı da fikirlərini bölüşüb. O bildirib ki, onun rəhbərliyi dövründə İran əvvəlkindən daha zəif, İsrail isə daha güclü vəziyyətə gəlib.
“İsrail tarixi bir fürsətlə üzləşib. Bu, həyatımızda yalnız bir dəfə qarşımıza çıxa biləcək fürsətdir. Dostumuz, Prezident Donald Trampla birlikdə İran təhdidini birdəfəlik aradan qaldıra bilərik.
Biz düşmənlərimizə qalib gəlməyi bacarmışıq və gələcəkdə də bunu edə biləcəyik”, – deyə Netanyahu vurğulayıb.