Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də "NewsNation" telekanalına müsahibəsində İranın şəxsinə qarşı sui-qəsd etmə ehtimalına cavab olaraq deyib ki, əgər ona “bir şey olarsa, İran yer üzündən silinəcək”.
İranın Trampa sui-qəsd etməsi mümkündürmü? Tehran belə bir addıma gedərmi?
Politoloq Azad Məsiyev Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ bir müddət sonra İrana hərbi zərbələr endirmək üçün müxtəlif bəhanələr və əsaslar axtarır və Trampa İranın sui-qəsd həyata keçirə biləcəyi barədə iddiaların ortaya atılması da münasibətlərin daha da gərgin məcraya yön alması üçün ritorikadır:
“Trampın “mənə bir şey olarsa, İran yer üzündən silinəcək” bəyanatı daha çox psixoloji xarakter daşıyır, eyni zamanda İrana zərbə endirməyə hazırlığın tərkib hissəsi hesab oluna bilər.
Xatırlayırsınızsa, ABŞ İraqa hərbi müdaxilə edib Səddam Hüseyni devirməzdən öncə dünyaya bəyan edirdi ki, İraqda nüvə silahı hazırlanır, İraq guya gizli şəkildə kütləvi qırğın silahları əldə edib və sair. Bununla Vaşinqton İraq əməliyyatı və Səddam Hüseynin məhv edilməsi üçün dünyaya təqdim etməyə əsas yaradırdı. ABŞ İraqı işğal etdi və Səddamı devirdi, sonra da asdı. Ancaq İraqda kütləvi qırğın silahı adına heç nə ortaya çıxmadı.
İndi isə vaxtıilə İraqa tətbiq edilən ssenariyə bənzər ssenari İrana qarşı qurulur. Bir tərəfdən İranın nüvə silahı hazırlığı apardığını, digər tərəfdən isə Tehranın Trampa sui-qəsd hazırladığı söhbətini ortaya qəsdən atırlar. Hətta istisna deyil ki, bir sui-qəsd tamaşası da hazırlansın və Tramp bu “sui-qəsddən” sağ çıxsın və bunun ardınca da İrana qarşı planın növbəti mərhələsinin həyata keçirilməsi əmri verilsin. Planın bu mərhələsi İrana hərbi müdaxilə edib hakimiyyəti devirib ali dini lider Əli Xameneni Səddam Hüseyn kimi cəzalandırmaq ola bilər”.
Politoloqa görə, əslində, Trampa İranın sui-qəsd edə biləcəyi tipli açıqlamalar Vaşinqton-Tehran münasibətlərində ritorikanın nə qədər sərtləşdiyini göstərsə də, məsələni soyuqqanlı analiz etdikdə Tehranın Trampa qarşı birbaşa sui-qəsd ehtimalı sıfıra yaxın görünür: “İndiki vəziyyətdə İranın belə sui-qəsd imkanları da demək olar ki, yoxdur”.