Səddam Hüseynin prezident təyyarəsi 900 min dollara satışa çıxarılıb

22.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İraqın milli aviadaşıyıcısı “Iraqi Airways” şirkəti iki “Boeing 747” təyyarəsini satışa çıxarıb. Onlardan biri vaxtilə İraqın keçmiş prezidenti Səddam Hüseyn və ölkənin ali rəhbərliyi üçün xüsusi hökumət təyyarəsi kimi istifadə olunub.

Bu barədə “The Economic Times” nəşri məlumat yayıb.

Təyyarələrin hər birinin satış qiyməti 900 min ABŞ dolları müəyyən edilib. Bu, onların satılması üçün üçüncü cəhddir. Sonuncu dəfə 2023-cü ildə satışa çıxarılan təyyarələrin hər biri 494 min dollar qiymətləndirilmişdi.

Hər iki “Boeing 747” 1982-ci ildə istehsal olunub. Təyyarələrdən biri müntəzəm sərnişin reyslərində istifadə edilib, digəri isə xüsusi olaraq prezidentin uçan iqamətgahı kimi hazırlanıb.

Səddam Hüseyn üçün nəzərdə tutulan təyyarədə şəxsi yaşayış otaqları, konfrans zalı, istirahət bölməsi və yataq funksiyalı kreslolar yerləşdirilib.

1991-ci ildə “Səhrada fırtına” hərbi əməliyyatı başlamazdan əvvəl İraq rəhbərliyi hər iki təyyarəni bombardmanlardan qorumaq məqsədilə Tunisə göndərib.

Həmin vaxtdan etibarən təyyarələr Tunisin cənubundakı Tozer-Nefta beynəlxalq hava limanında saxlanılır və artıq 35 ilə yaxındır ki, uçuş həyata keçirmir.

İraqın təyyarələri geri qaytarmasına əvvəlcə beynəlxalq sanksiyalar, daha sonra isə hüquqi mübahisələr və hava limanında dayanma xərclərinə görə yığılmış borclar mane olub.

35 illik fasilədən sonra hər iki təyyarə uçuşa yararsız vəziyyətdədir və əsaslı təmirə ehtiyac duyur.

“Iraqi Airways” təyyarələri mövcud texniki vəziyyətində, heç bir zəmanət vermədən satır. Alıcılar satış qiymətindən əlavə, bütün məcburi rüsumları və digər xərcləri də ödəməlidirlər.

Hərracda iştirak etmək istəyənlər hər təyyarə üçün qiymətin 20 faizi həcmində, yəni 180 min dollar zəmanət depoziti yatırmalıdırlar.

Satışdan əldə olunacaq vəsaitin təyyarələrin uzun illər saxlanılması nəticəsində yaranmış borcların ödənilməsinə yönəldilə biləcəyi bildirilir.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью