Icma.az, Qol.az saytına istinadən bildirir.
Misli Premyer Liqasının ikinci turu “Şəfa” üçün sıradan bir matçdan daha çox məna kəsb edirdi. Uzun illər həsrətində olduğu elita mübarizəsinə qayıdan paytaxt təmsilçisi səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edərək təkcə ilk 3 xalını qazanmadı, həm də komanda haqqında ilkin fikir formalaşdı.
İlk turda “Zirə”yə uduzduqdan sonra müəyyən tənqidlərlə üzləşən "Şəfa" bu dəfə tamam fərqli çöhrədə idi. Zaur Həşimovun komandası Qəbələdə inamlı və üstün oyun nümayiş etdirdi. Yaradılan imkanlar və meydandakı oyun çox şeydən xəbər verirdi. Baş məşqçinin gördüyü iş, futbolçulara aşıladığı özünəinam ilk matçla müqayisədə böyük irəliləyişin olduğunu aydın göstərdi.
Legioner limitinin müzakirə olunduğu və yerli futbolçu qıtlığının yaşandığı bir dövrdə start heyətində 4 azərbaycanlı futbolçu ilə başlayan Zaur Həşimov, gedişatda daha 3 yerli oyunçuya şans verdi. Meydana çıxan yerli oyunçulardan üçünün hələ Birinci Liqada komandanın şərəfini qorumuş futbolçular olması diqqətdən qaçmadı.
Müdafiəçi Nihad Quliyev həmkarı Murad Musayevin zədələnməsindən sonra meydana daxil oldu və kapitanlıq sarığısı ona həvalə olundu. 24 yaşlı futbolçu inamlı oyunu ilə diqqət çəkdi. Oyuna sonradan daxil olan U-21 millimizin üzvü, hücumçu Nahid Əliyev də ona verilən şansı dəyərləndirməyə çalışdı. “Qəbələ” ilə görüş eyni zamanda gənc futbolçunun debütü ilə əlamətdar oldu.
Yerli oyunçularla yanaşı, komandaya yeni qoşulan Dilan Mertens, Musa Quel, Andre Draqu və Kristofer Mamengi kimi legionerlər də sərgilədikləri oyunla fərqlənməyi bacardılar.
Əlbəttə, komandanın tam püxtələşməsi üçün zamana ehtiyacı var. Yeni transferlərin olması, Birinci Liqadan gələn heyətin elita ritminə uyğunlaşması və bəzi futbolçuların düşərgəyə gec qoşulması baş məşqçi Zaur Həşimovun da mətbuat konfransında vurğuladığı əsas məqamlardan idi. Lakin görünən odur ki, “Şəfa” uzun marafonda bu heç bir rəqib üçün “asan yem” olmayacaq.
SAMİR