“Şəfa”nın 25 illik “salnaməsi”

02.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan futbolunun xəritəsində elə məkanlar var ki, onların tarixi təkcə tribunalarda səslənən azarkeş bəstələri ilə deyil, həm də ölkə futbolunun keçdiyi burulğanlı prosesləri ilə yazılır. Heydər Əliyev prospektindəki “Şəfa” stadionu son 25 ildə Azərbaycan futbolunun yaşadığı enişli-yoxuşlu inkişaf prosesinin şahidi olub. Vaxtilə modernləşmənin əsas simvollarından sayılan bu idman qurğusu sonradan uzun müddət böyük futboldan uzaq düşüb.

Müasirliyə ilk addım

2000-ci illərin astanasında Azərbaycan futbolu kəskin infrastruktur böhranı ilə üz-üzə qalmışdı. Belə bir vaxtda paytaxtın mənzərəsini dəyişən bir addım atıldı. Köhnə “Termist” stadionunun yerində “Şəfa” yüksəldi. Stadionun tikintisinə 4,5 milyon manat vəsait ayrıldı. Xərcin 18 faizini FİFA üzərinə götürdü, qalan yükü isə UEFA-nın dəstəyi, televiziya yayım hüquqları və stadionun daxili imkanları böldü.

8125 tamaşaçı tutumlu arena 2001-ci ildə qapılarını açdı və qısa müddət sonra beynəlxalq oyunlara ev sahibliyi etməyə başladı. Meydançanın durumu o dövrün futbolçularının yaddaşında xüsusi yer tutub. “Şəfa”da müdafiəçi kimi çıxış etmiş, hazırda mütəxəssis kimi fəaliyyət göstərən Füzuli Məmmədov həmin günlər barədə söhbətləşdik. Onun sözlərinə görə, yeni stadionun ot örtüyünə xüsusi diqqət yetirilirdi:

“Stadion tikildikdən sonra meydanın ot örtüyü çox yüksək səviyyədə idi və ona xüsusi diqqət yetirirdilər. Həftədə bir dəfə bizə oyunqabağı məşqi həmin stadionda keçməyə icazə verirdilər. Meydana çıxanda görərdik ki, ot örtüyü dübədüzdür. Xatırlayıram, stadionun direktoru xahiş etmişdi ki, otun zədələnməməsi üçün sürüşmə fəndindən istifadə etməyək. Biz də çox həssas yanaşırdıq ki, meydana zərər vurmayaq.”

Azərbaycan Kubokuna yiyələnən “Şəfa” beynəlxalq arenadakı debütünü də burada yaşadı. Ramiz Məmmədov, Zaur Tağızadə, Ramin Quliyev, Emin İmaməliyev, Samir Musayev, eləcə də Kitelman qardaşlarının yer aldığı heyət UEFA Kubokunun təsnifat mərhələsində Sloveniya “Olimpiya”sı ilə üz-üzə gəldi.

Səfərdəki 0:4 hesablı yenilgidən sonra cavab matçı “Şəfa”da keçirildi. Bu, yeni idman qurğusunda baş tutan ilk rəsmi Avropa oyunu idi. Füzuli Məmmədov həmin tarixi matç haqqında xatirələrini bölüşdü:

“Səfərdəki matçda milli komandanın hücumçusu Senad Tiqanc bizə problem yaratmışdı. Səhv etmirəmsə, həmin oyunda iki qol vurmuşdu. Cavab görüşündən əvvəl məşqçilər rəqibi təhlil etdilər və məhz mənə onun qarşısında oynamağı tapşırdılar. Dedilər ki, “Füzuli, bu futbolçuya qarşı oynamalı, ona irəlidə problem yaratmağa imkan verməməlisən”.

Cavab qarşılaşması isə “Şəfa” stadionunda keçirilirdi. Məmmədovun xatirələrinə görə, tribunalar demək olar ki, dolmuşdu. UEFA Kuboku matçlarına həmin dövrdə böyük azarkeş marağı var idi. Komanda 0:1 hesabı ilə uduzsa da, meydanda rəqibinə layiqli müqavimət göstərmişdi:

“Çox maraqlı, dramatik və yaddaqalan oyun oldu. Səfərdə təcrübəsizlikdən öz səhvlərimizə görə çox qol buraxmışdıq. Evdə isə döyüşkən futbol sərgilədik. Tiqancı elə bağlamışdım ki, nəinki qol vurmasına, hətta meydanda rahat hərəkət etməsinə belə imkan vermədim. Oyundan sonra məşqçilər heyəti mənə xüsusi təşəkkür etdi”.

Stadionun rəsmi matçlar tarixinə düşən ilk qolun müəllifi isə qarşılaşmanın gedişində qonaqların futbolçusu Duşan Kosiç oldu.

Yığmanın taleyi də tezliklə bu arenaya bağlandı. Milli komanda burada cəmi üç rəsmi oyun keçirdi. DÇ-2002-nin seçmə mərhələsində Şimali Makedoniya ilə “sülh” (1:1), ardınca Avro-2004 yolunda Finlandiyaya məğlubiyyət (1:2) yaşandı. Amma milli komandanın bu stadiondakı oyunları içində bir matç xüsusilə seçildi. Serbiya və Monteneqro yığması üzərində qazanılan 2:1 hesablı qələbə yığmanın həmin dövrdəki ən yaddaqalan nəticələrindən oldu.

Böhran

“Şəfa”nın tarixi yalnız beynəlxalq matçların təqvimi ilə məhdudlaşmırdı. Bu stadion həm də Azərbaycan futbolunu uzunmüddətli böhrana sürükləyən ən sərt qarşıdurmaların şahidinə çevrildi.

2001/02 mövsümünün pley-off mərhələsində “Şəfa” və “Xəzər Universiteti” (indiki “Şamaxı”) üz-üzə gəldi. Gərgin keçən oyunun son dəqiqələrində dramatik hadisə baş verdi. 90+5-ci dəqiqədə “Xəzər Universiteti”nin qapısına penalti təyin edildi. Topa yaxınlaşan Tərlan Əhmədov zərbəni dəqiq yerinə yetirərək meydan sahiblərinə 1:0 hesablı qələbə qazandırdı.

Bu epizoddan sonra böyük qalmaqal yarandı. İntizam Komitəsi nəticəni ləğv edib matçın təkrar keçirilməsinə səs versə də, aprelin 10-da Apellyasiya Komitəsi tam əks mövqe sərgilədi. İlkin nəticə qüvvədə saxlanıldı.

Qərar “Xəzər Universiteti” rəhbərliyini sərt addım atmağa məcbur etdi və klub çempionatdan çəkildiyini açıqladı. Ardınca domino effekti işə düşdü. Aprel ayı boyunca “Neftçi”, MOİK, “Kəpəz”, “Turan”, “Şahdağ Qusar”, “Qarabağ”, “Təfəkkür Universiteti” və “Dinamo-Bakılı” AFFA-ya rəsmi məktub göndərərək elitada mübarizəni dayandırdıqlarını bəyan etdilər. Turnir cədvəlində yalnız iki komanda – “Şəfa” və “Şəmkir” yer aldı.

Yaranmış dərin idman böhranı beynəlxalq səviyyədə də öz əksini tapdı. UEFA Azərbaycanı beynəlxalq turnirlərdən kənarlaşdırdı. Ölkədə futbol üzrə rəsmi yarışlar tamamilə dayandırıldı, klublar isə yaşıl meydanlara yalnız 2003/04 mövsümündə qayıtdılar.

Mülkiyyət burulğanı

2005-ci ilə qədər “Şəfa” klubunun balansında olan stadion komandanın fəaliyyətini dayandırmasından sonra yeni mülkiyyət və idarəetmə mərhələsinə qədəm qoydu. 1 fevral 2007-ci ildə stadion 15 il müddətinə Bakının “İnter” (indiki “Şamaxı”) klubuna icarəyə verildi. Bəzi mövsümlərdə AZAL komandası da Şüvələndəki stadion əvəzinə ev oyunlarını burada keçirirdi.

2014-cü ildə idman qurğusunun taleyində kəskin dönüş baş verdi. Qurğu 4 milyon 250 min manat qarşılığında “İnter”in əsas sponsoru olan Azərbaycan Beynəlxalq Bankına (ABB) satıldı və “İnter Arena” adını aldı. 2012-ci ildə FİFA U-17 Qadınlararası Dünya Çempionatının oyunlarına ev sahibliyi edən stadion artıq sözügedən bankın mülkiyyətində idi.

Amma ABB ətrafında baş verən maliyyə və strukturdaxili dəyişikliklər stadionun da taleyinə təsir etdi. 2017-ci ilin payızında klubun adı “Keşlə” olaraq dəyişdirildi. 20 iyul 2018-ci ildə klubun borcları müqabilində stadion Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansına verildi. Bundan sonra arena “ASK Arena” adlandırıldı.

AFFA-nın futbolun regionlara daşınması strategiyası çərçivəsində 2022-ci ildə “Keşlə”nin adı rəsmən “Şamaxı” olaraq dəyişdirildi və komanda bölgəyə köçdü. Bununla da şəhərin mərkəzində yerləşən stadion böyük futboldan tamamilə uzaqlaşdı, tribunaları uzun müddət  səssizliyə qərq oldu.

Yeni ümidlər

Azərbaycan Sənaye Korporasiyasının ləğvindən sonra stadionun idarəçiliyi və mülkiyyət məsələlərində yeni dəyişikliklər baş verdi. 2026-cı ilin əvvəlində arena “Baku Arena” adlandırıldı. Yayda isə idman obyektinin idarəçiliyi növbəti dəfə əl dəyişərək Gənclər və İdman Nazirliyinin balansına verildi.

Stadionun sahibləri və üzərindəki lövhələri dəyişsə də, “Şəfa” 2023-cü ildə yenidən futbola qayıtdı. Növbəti mövsümdə elitaya vəsiqə qazanan komanda bununla da əsas səhnəyə döndü. Lakin doğma arena hazırda yenidənqurma mərhələsində olduğundan “Şəfa” ev oyunlarını Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirmək məcburiyyətində qaldı. Bu məqsədlə tərəflər arasında müvəqqəti müqavilə imzalandı.

Köhnə günlərin həsrətini çəkən təkcə azarkeşlər deyil. Vaxtilə bu meydanda tər tökmüş Füzuli Məmmədov da “Şəfa”nın öz evinə dönüşünü səbirsizliklə gözləyir:

“Çox sevindirici haldır ki, “Şəfa” stadionu yenidən bərpa olunur və kluba təhvil veriləcək. Komandaya uğurlar arzulayıram. İndi çempionatda bəzi matçlarda məğlub olsalar da, inanıram ki, yeni stadionda daha böyük uğurlar qazanacaqlar. Arzu edirəm ki, bizim vaxtımızda olduğu kimi, yenidən avrokuboklarda mübarizə aparsınlar və daha parlaq nəticələr əldə etsinlər”.

Tarixində kütləvi boykotlara və dəfələrlə əl dəyişmələrinə məruz qalan bu məkan indi yeni mərhələnin astanasındadır. Hələlik ev oyunlarını Sumqayıtda keçirən “Şəfa”nın əsas arzusu tezliklə doğma stadionuna qayıtmaqdır.

Ayxan Zayıdzadə

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью