Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Keçmiş “Şəfa” və “ASK Arena”, son olaraq isə “Baku Arena” adlanan stadionda təmir işləri böyük ölçüdə yekunlaşıb.
Bu barədə “Şəfa” futbol klubunun mətbuat sözçüsü Heybət Məmmədov məlumat verib.
“Süni örtüyün quraşdırılması tam başa çatıb, artıq beynəlxalq qurumdan “FIFA (FIFA) Quality” sertifikatı da alınıb. Sadəcə, digər texniki işlər görülməlidir. PFL-in tələbləri var, onlar icra olunur. Ehtiyat oyunçular skamyaları, xidməti otaqlar üçün mebellər sifariş verilib. Onlar gəldikdən sonra uyğunluğu yoxlanılacaq və bəyənilərsə, quraşdırılacaq. Rəhbərlik işlərin gec olsa da, ideal olmasına çalışır. Növbəti ev oyunumuzu orada nə vaxt keçirəcəyimiz işlərin gedişatından asılıdır”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
PFL-in texniki-idman direktoru Elgiz Abbasov da məsələ ilə bağlı məlumat verib:
“Bəli, idman qurğusuna beynəlxalq qurumdan 3 illik “Quality” sertifikatı verilib. Ancaq bu o demək deyil ki, orada dərhal oyun keçirmək olar. PFL-in öz tələbləri var, onlar tam yerinə yetirildikdən sonra arena son olaraq bir daha təftiş olunacaq və problem olmazsa, icazə veriləcək. Hazırda klubun oyun qrafikində dəyişiklik yoxdur. Başqa sözlə, “Şəfa” “Qəbələ” ilə Sumqayıtda oynayacaq”.
Vaxtilə “Şəfa” klubunun ixtiyarında olan idman qurğusu köhnə sahibinə veriləcək. Birinci liqanın qalibi kimi Premyer Liqaya yüksələn debütant hazırda oyunlarını Sumqayıtda keçirir.
Qeyd edək ki, ötən ilin sonunda Azərbaycan İnvestisiya Holdinqinin nəzarətinə keçən idman qurğusu bu yay Gənclər və İdman nazirliyinin balansına verilib.
Stadion 2001-ci ildə “Termist” stadionunun yerində tikilib və 8125 tamaşaçı tutumuna malikdir. Arena bir neçə dəfə ad dəyişikliyinə məruz qalıb.