Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bu günəş elektrik stansiyası azad olunmuş ərazilərdə ən böyük xarici yatırım layihəsidir COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Bununla layihə fəal tikinti mərhələsinə qədəm qoyub. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənayemiqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir.
Xatırladaq ki, “Şəfəq” GES layihəsi ilə bağlı icra müqaviləsi 2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanıb.
Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında investisiya müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında torpaq icarəsi müqaviləsi” imzalanıb.
Sonra rəmzi olaraq stansiyanın ilk günəş panelinə imza atılıb.
Nazirliyin məlumatına görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda inşa olunacaq “Şəfəq” GES-də il ərzində, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da illik 120–150 milyon kubmetr təbii qaza qənaət etmək və 260–330 min ton karbon emissiyasının azaldılması deməkdir.