Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan
Respublikasına səfərindən öncə, avqustun 21-də Özbəkistanın Milli İnformasiya
Agentliyinə müsahibə verərək Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud
vəziyyəti, inkişaf perspektivləri, iqtisadi-ticari əməkdaşlıq, mədəni-humanitar
əlaqələr və qarşılıqlı tərəfdaşlığın gələcək istiqamətləri barədə fikirlərini bölüşüb.
Dövlət başçısı müsahibəsində Azərbaycan və Özbəkistan arasındakı
münasibətlərin möhkəm tarixi, mədəni və mənəvi bağlara söykəndiyini vurğulayıb.
Cənab Prezident qeyd edib ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər və qarşılıqlı
rəğbət dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm təməl formalaşdırır.
Son illərdə əlaqələrin sürətli inkişafı nəticəsində iki ölkə arasında münasibətlər ən
yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlib.
Müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi və
institusional əsaslarının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilib. 2024-cü
ildə cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı
imzalanmış sənədlər strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinə imkan
yaradıb. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və
“Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı əlaqələrin
siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Ali Dövlətlərarası Şuranın
yaradılması isə uzunmüddətli əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi
baxımından mühüm mexanizmə çevrilib.
Möhtərəm Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin də yüksək
dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç
dəfədən çox artaraq, 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında
isə ticarət dövriyyəsində daha 33 faiz artım qeydə alınıb. Eyni zamanda, iki ölkə
arasında tranzit daşımalarının həcminin artması nəqliyyat və logistika sahəsində
əməkdaşlığın geniş potensialını nümayiş etdirir.
Müsahibədə mədəni və humanitar əlaqələrin əhəmiyyəti də xüsusi qeyd
olunub. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən tarixi və mədəni yaxınlıq
dövlətlərarası münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Heydər
Əliyev Fondu tərəfindən Özbəkistanda həyata keçirilən layihələr iki ölkə arasında
mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bundan başqa, qarşılıqlı
turist səfərlərinin artması xalqlarımız arasında əlaqələrin daha da genişləndiyini
göstərir.
Ümumilikdə, cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə Müsahibədə səsləndirilən fikirlər göstərir ki, iki qardaş ölkə arasında
əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, enerji,
kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və digər istiqamətləri də əhatə edir. Bu isə
iki ölkənin gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına və regionda
əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini