Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Albaniya Orta Dəhlizin 8-ci Panavropa nəqliyyat dəhlizi və Dürres limanı ilə birləşdirilməsində, həmçinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia Bakıda ölkənin müstəqilliyinin 114-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.
"Bizim ambisiyalarımız energetika çərçivəsindən kənara çıxır. Biz Orta Dəhlizi 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirmək istəyirik. Biz kənd təsərrüfatı, yaşıl enerji, rəqəmsal texnologiyalar və turizm sahələrində şirkətlərimiz arasında əməkdaşlıqda, "Ələt" azad iqtisadi zonasında Albaniya biznesinin iştirakında və Albaniyaya Azərbaycan investisiyalarında maraqlıyıq", - diplomat bildirib.
Kadia həmçinin iki ölkə arasında birbaşa hava əlaqəsinin tezliklə açılmasına ümidvar olduğunu bildirib.
"Biz yaxın vaxtlarda hava əlaqəsi haqqında saziş imzalamağa ümid edirik, çünki Bakı ilə Tirana arasında birbaşa reys ölkələrimizi bizi birləşdirən dostluq qədər yaxın edərdi", - o vurğulayıb.
Enerji sahəsində əməkdaşlıqdan danışan səfir Azərbaycan qazının Albaniya ərazisindən keçməklə İtaliyaya və digər Avropa ölkələrinə nəql edildiyi Trans-Adriatik qaz kəmərinin (TAP) strateji əhəmiyyətini qeyd edib.
O həmçinin Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin icrasında göstərilən əməkdaşlığa görə Azərbaycan hökumətinə və SOCAR-a minnətdarlığını bildirib.
"Biz Azərbaycan hökumətinə və SOCAR-a minnətdarıq və bu ilin dekabrında Tiranada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsini səbirsizliklə gözləyirik", - diplomat əlavə edib.
Regional məsələlərə toxunan diplomat Albaniyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini təsdiqləyib.
"Bizim münasibətlərimiz etimada və qarşılıqlı hörmətə əsaslanır. Biz 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış Azərbaycanla Ermənistan arasındakı tarixi razılaşmanı və Cənubi Qafqazda davamlı sülh yolunda atılan hər bir addımı alqışlayırıq", - Kadia vurğulayıb.
O, sonda iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.