Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
İranın Ermənistandakı ali diplomatik təmsilçisi nə danışdığının fərqindədirmi?
Həqiqətən, maraqlı və düşündürücüdür. Söhbət İranın Ermənistana təyin edilən səfirlərinin seçimindən gedir. Maraq və düşüncə fonunda isə belə bir sual yaranır: nə üçün İslam Respublikasının İrəvana göndərilən ali diplomatik təmsilçiləri erməni təəssübü çəkənlər olurlar? Ümumən, suallarımız çoxdur və yazıda onları diqqətə çatdıracağıq.
Əslində, məsələ erməni təəssübkeşliyində yox, hay avantürizminə dəstəkdədir. O avantürizm ki, hazırkı Ermənistan iqtidarı ondan uzaqlaşmış kimi görünür. Amma İranın Ermənistandakı səfiri Xəlil Şirqolami uzaqlaşmanın düzgün olmadığına dair faktiki mesaj verir və öz aləmində arqumentlər gətirir. O arqumentlər ki, mahiyyət etibarilə nə İranın mənafelərini qorumaqdır, nə də ermənilərin qayğısına qalmaq.
Diqqət yetirək, diplomatın sözlərinə görə, Tehran TRIPP-in həyata keçirilməsinə qarşı deyil, bir şərtlə ki, bu layihə Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməsin. Səfir, eyni zamanda, ABŞ-ın regionda hərbi mövcudluğunun, eləcə də təhlükəsizlik sahəsindəki iştirakının, həmçinin, Cənubi Qafqazda istənilən geosiyasi və ya ərazi dəyişikliklərinin qəbuledilməzliyini vurğulayır. Meydana sual çıxır: Ermənistanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən varmı? Əlbəttə ki, yox! TRIPP də bu baxımdan istisna layihədir və məsələ barədə çox söz açılıb. Hətta rəsmi İrəvanın təmsilçilərinin də bununla bağlı açıqlamaları var. İkincisi, TRIPP nə üçün Birləşmiş Ştatların regionda hərbi mövcudluğu kontekstində qiymətləndirilməlidir? Məgər kimsə deyirmi ki, regiona ABŞ hərbçiləri gəlsin? Belə bir söhbət varmı? Xeyr! Elə isə Şirqolami nə üçün qarabasmalarını ictimailəşdirir? Axı yuxu danışmaq siyasətçiyə, indiki halda, diplomata yaraşmır? Səfir olan kəsin qorxulu yuxu görməsi isə bir başqa mərəzdir.
Amma mərəz təkcə bu deyil. Çünki X.Şirqolami Azərbaycan rəhbərliyinin hələ də açıq və birbaşa şəkildə Zəngəzur dəhlizindən danışdığını bildirib. Sən demə, diplomat bu ifadədən sancılanırmış. Konkret desək, onun istənilən geosiyasi dəyişikliyin, həmçinin Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə vurulan zərərin qəbuledilməzliyi məntiqi məhz bu sancıdan qaynaqlanırmış.
Əlqərəz, Şirqolaminin düşüncəsinə görə, ABŞ hərbçilərinin regiona gəlməməsi və Ermənistanın torpaq bütünlüyü İranın TRIPP-in həyata keçirilməsi üçün şərtləri imiş. Özü də ilkin şərtlər. Gözləmək olar ki, səfir başqa şərtlər də qondaracaq. Ondan nə desən, gözləmək mümkündür. Axı Roma papasından daha çox katoliklik iddiasındadır.
Bəli, Şirqolami ermənilərdən daha çox erməni olmaq sevdasına düşüb. Hər halda, diplomatın əsassız məsələləri qabardıb onlara nəzərən şərtlər peydahlamasını yalnız bu cür qiymətləndirmək mümkündür. Hələ səfirin başqa fikri də var. Yəni yuxarıdakı şərtlərə əməl edilsin, üstəlik, TRIPP erməni xalqının inkişafına və rifahına töhfə versin. Bir sözlə, ucuz populizm və pafos. Maraqlıdır ki, Zəngəzur dəhlizinin yolverilməzliyini deyən, bu ideyanı Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulması qismində qiymətləndirən Şirqolami İranın rəsmi İrəvanın bir vaxtlar irəli sürdüyü və son zamanlar haqqında az söz açdığı “Dünyanın kəsişməsi” layihəsini dəstəklədiyini açıqlayıb. O layihə ki, Baş nazir Nikol Paşinyan tərəfindən nə üçün və hansı məqsədlə ortaya atıldığı məlumdur.
Yada salaq ki, Nikol bir vaxtlar “Dünyanın kəsişməsi”ni Azərbaycanın Zəngəzur dəhlizi məntiqinə qarşı qoymuşdu. Yəni Paşinyan bu yolla Ermənistanın Azərbaycanla münaqişə ritorikasını saxlayırdı. İndi necə düşünək? Düşünək ki, İran səfiri həmin ritorikanı geri qaytarmağa çalışır? Yəni o, bu yollamı ermənidən daha çox erməni olmaq fikrindədir? Ermənilikdən söz düşmüşkən, səfir Şirqolaminin ortaya qoyduğu mövqe Ermənistandakı revanşist və şovinist kəsimin siyasi menyusundakı sərsəm tezislərə tam uyğundur. Nəzərə alaq ki, sözügedən kəsim də TRIPP-i Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qəsd sayaraq ağzını köpükləndirir. O kəsimin isə Rusiyanın direktivlərini yerinə yetirdiyi şübhəsizdir və mövcud təmayülün regionda sülhə maneçilik niyyəti var.
İndi düşünək ki, İran da regionda barış mühitinin formalaşmasını istəmir? Yox, belə zənn etmirik. Hesab edirik ki, problem Şirqolamidədir. O, nə isə zərərli maddə qəbul etdiyindən, bu cür anlaqsız bəyanatlar səsləndirir. Amma səfirin Ermənistandakı siyasi parabeyinlərin menyusundan qaynaqlanan başqa anlaşılmaz fikirləri də var. Deməli, regionda sülhün əsasının mövcud status-kvonun qorunması olduğunu vurğulayan cənab Şirqolami barışa nail olmağın əndərəbadi yolunu açıqlayıb. Sən demə, bu yol, Ermənistan və Azərbaycan arasında real güc balansının təminatı imiş. Görəsən, səfir nə danışdığının fərqindədirmi?
Birincisi, 10 milyonluq Azərbaycanla 3 milyonluq Ermənistan arasında real güc balansı necə təmin oluna bilər? Ümumiyyətlə, bundan danışmağa dəyərmi? İkincisi, təbii sərvətlərlə zəngin Azərbaycanla bu baxımdan kasıb olan Ermənistan arasında belə bir balansın qərarlaşmasından danışmağa dəyərmi?
Aydındır ki, Şirqolaminin məntiqi, bir növ, susuz quyuya su tökməkdir. Bəlkə “suyu tökən” İran olsun? Görəsən nə üçün? Ona görə ki, Ermənistan güclənib yenidən Azərbaycanın torpaqlarını işğal etsin? Bəlkə səfir bunu istəyir? Yoxsa diplomat balansı Ermənistanın ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi kimi təsəvvürə gətirir?
Qeyd edək ki, səfir Şirqolaminin Bakı ilə İrəvan arasında balans yaratmaq ritorikasından Ermənistandakı revanşist və şovinistlər də söz açıb sərsəmləyirdilər, onların xaricdəki havadarları da, hayların dünyanın bir çox yerlərinə səpələnmiş lobbi və diaspor təşkilatları da. Yəni İran da eyni məntiqi dəstəkləyir? Axı Şirqolami bu ölkənin səfiridir və prinsipcə onun söylədikləri ölkəsinin mövqeyidir. Belə mövqe nə dərəcədə düzgündür? Bu yanaşma sülhə xidmətdirmi? Axı yaxın tarix göstərdi ki, regionda qüvvələr balansı yaratmaq istəkləri yalnız müharibə və fəlakət gətirdi. Yoxsa keçmiş səfirin yadından çıxıb?
Sonda səfir Şirqolaminin regionda sülh naminə qüvvələr balansı yaratmaq mövqeyinə başqa prizmadan yanaşaq. İran da bu regionda yerləşir. Hərbi potensialı da kifayət qədər böyükdür. Bəlkə sülh naminə o da “Şirqolaminin balansına” uyğun duruma gəlsin?
Əvəz CAHANGİROĞLU
XQ