Səfirliyimizə hücumdan sonra nələr dəyişdi? Tehran üç məsələyə görə Bakıdan ehtiyat edir

28.01.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Yanvarın 27-də İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror hücumunun üçüncü ili tamam olur. Bakı hücumdan sonra hadisəni törədən Yasin Hüseynzadənin İran qanunlarına uyğun şəkildə cəzalandırılmasını və ədalətin təmin olunmasını tələb etsə də, Tehranın prosesi uzatması iki ölkə arasında gərginliyin bir müddət davam etməsinə səbəb oldu.

Lakin Azərbaycan tərəfinin tələbindən geri çəkilməməsi və iradəsi nəticəsində cinayəti törədən şəxsin barəsində çıxarılan edam hökmü 2025-ci ildə icla edildi.

Səfirliyimizə hücumdan bu yana iki ölkə arasında münasibətlər hansı xətt üzrə dəyişib?

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, terror hücumundan üç il keçməsi bu hadisəyə artıq emosional yox, strateji prizmadan baxmağa imkan verir:

“Əvvəla, Tehrandakı səfirliyimizə hücum təkcə terror aktı deyil, diplomatik toxunulmazlığın kobud şəkildə pozulması idi. İran tərəfinin hadisədən dərhal sonra verdiyi izahlar və təhlükəsizlik zəmanətlərinin zəifliyi Bakı–Tehran münasibətlərində müəyyən müddət ciddi etimad böhranı yaratdı. Azərbaycan səfirliyinin fəaliyyətinin dayandırılması isə bu böhranın diplomatik ifadəsi oldu.

Amma son üç ildə İranın Azərbaycana münasibətində müəyyən dəyişiklik hiss olunur. Lakin bu dəyişiklik fundamental deyil, daha çox taktiki xarakter daşıyır. Məsələn, rəsmi Tehran açıq ritorikanı müəyyən qədər yumşaldıb, birbaşa təhdidedici bəyanatlardan daha çox dolayı mesajlara üstünlük verməyə başlayıb. Azərbaycanla bağlı mövqeyini isə regiondakı ümumi proseslərə – xüsusilə Zəngəzur dəhlizi, İsrail amili və Qərblə qarşıdurma kontekstinə uyğun şəkildə kalibrasiya edir. Diplomatiya nəzəriyyəsi baxımından yanaşsaq, bu, İranın Azərbaycana baxışının dəyişməsi yox, risklərin daha düzgün hesablanmasıdır”.


Elnur Ənvəroğlu

Siyasi şərhçi bildirib ki, İran Azərbaycanla açıq qarşıdurmanın öz maraqlarına zidd olduğunu anlayır:

“Tehran heç bir zaman Bakı ilə diplomatik kanalları tam bağlamaz. Bu, İranın Cənubi Qafqaza çıxışında əsas və faktiki olaraq yeganə açardır. Düzdür, İran Ermənistanla da həmsərhəddir və bu, qismən regiona giriş imkanı yaradır. Lakin Ermənistanın qapalı ölkə olması, Rusiyaya birbaşa çıxışının olmaması və eyni zamanda siyasi suverenliyinin müəyyən qədər Qərbyönlü xarakter daşıması İranın regionla bağlı gözləntiləri ilə toqquşur. Məhz bu səbəbdən İran Azərbaycanı Cənubi Qafqazda həm regional sabitlik, həm də digər rəqiblərinə – İsrail və Qərbə qarşı – ən optimal qonşu hesab edir. Tehran anlayır ki, Bakını itirmək rəqiblərinin regionda ona qarşı tam üstünlük əldə etməsinə gətirib çıxara bilər.

Bununla yanaşı, İranın qınanılmalı məqamları da qalmaqdadır. Məsələn, səfirliyə hücumla bağlı tam hüquqi-siyasi məsuliyyət hələ də daşınmayıb. Günahkarlarla bağlı iş şəffaf və beynəlxalq hüquqa uyğun şəkildə aparılmayıb. Düzdür, Yasin Hüseynzadə adlı terrorçu edam cəzasına məhkum edildi, lakin hadisənin dərinliyi hüquqi prizmadan araşdırılmadı. İş faktiki olaraq terrorçunun guya şəxsi zəmində törətdiyi cinayət kimi bağlandı. Bundan əlavə, İranın regionda paralel təsir alətləri – dini şəbəkələr, informasiya mühiti və sərhədyanı təsir mexanizmləri – hələ də qalmaqdadır.

Ona görə də bugünkü mərhələdə İran–Azərbaycan münasibətlərində müşahidə olunan dəyişiklikləri barışığın başlanğıcı kimi yox, daha çox gərginliyin idarə olunması mexanizmi kimi qiymətləndirərdim. Yəni Tehran geri çəkilməyib, sadəcə sərt mövqeyini müvəqqəti olaraq gizlədir. Azərbaycan üçün əsas dərs isə ondan ibarətdir ki, münasibətlər niyyətlərə yox, konkret davranışlara əsaslanaraq qiymətləndirilməlidir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью