Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Poliklinikalarda vətəndaşların gözləmə müddətini azaltmaq üçün onlayn növbə sisteminin tətbiqi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Son günlər sosial şəbəkələrdə məktəblilər üçün sağlamlıq haqqında arayış alarkən poliklinikalarda yaranan sıxlıqla bağlı şikayətlər paylaşılır. Vətəndaşlar arayış almaq üçün saatlarla növbə gözlədiklərini bildirirlər. Uzun növbələrdən müayinə üçün müraciət edənlər də şikayətlənirlər.
“Hələ səhərdir, poliklinika təzə açılıb. 106-cı sıradayam”, – vətəndaşlardan biri deyib.
“Neçə gündür sağlamlıq haqqında arayış almaq üçün gəlib-gedirəm. Növbədə adam əlindən yer yoxdur. USM üçün deyirlər ki, səhər saat 5-də gəl”, – digər vətəndaş bildirib.
TƏBİB-dən bildirilib ki, müxtəlif təyinatlı tibbi arayışlar üçün müraciətlərin eyni dövrə düşməsi ayrı-ayrı günlərdə və saatlarda müvəqqəti sıxlıq yarada bilər.
“Sağlamlıq haqqında arayışın verilməsi üçün vətəndaşın sağlamlıq vəziyyəti tibbi müayinələr əsasında qiymətləndirilir. Müvafiq ixtisas həkimlərinin baxışı, laborator və instrumental müayinələr tələb olunur. Bu müayinələrin aparılması və nəticələrinin qiymətləndirilməsi müəyyən vaxt tələb edir”, – qurumdan qeyd olunub.
TƏBİB vətəndaş qəbulunun təşkili və gözləmə müddətinin azaldılması istiqamətində işlərin davam etdiyini bildirib. Onlayn növbə sisteminin tətbiqinə başlanacağı tarix açıqlanmayıb.