525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən binada sahibkarın qanunsuz müdaxiləsi ilə çıxarılan qapı yenidən öz yerinə qaytarılacaq.
525.az xəbər verir ki, yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirən mütəxəssislər müəyyən ediblər ki, binanın giriş qapısı çıxarılıb, tarixi qapının yerinə şüşə konstruksiyalı yeni qapı qoyulub.Bu zaman tarixi qapıya xətər yetirilib, qapının çərçivəsi zədələnib.
Bakı Abadlıq Xidmətinin baş memarı Rüfət Quliyevin dediyinə görə, hazırda tarixi abidə üzərində bərpa-rekonstruksiya işi aparılır. Təcrübəli peşəkar bərpaçılar prosesi tamamlayandan sonra qapı öz yerinə qaytarılacaq.
Xatırladaq ki, sözügedən ünvandakı tarixi taxta qapının icazəsiz şəkildə çıxarılaraq adi şüşə konstruksiya ilə əvəzlənməsi ictimaiyyətin sərt narazılığına səbəb olub. Hadisədən xəbər tutan aidiyyəti orqanlar - Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, həmçinin Bakı şəhər İcra Hakimiyyəti hadisəyə dərhal reaksiya veriblər. Qapının bərpası və yenidən yerinə qaytarılması ilə Bakı Abadlıq Xidməti məşğul olur.
A.NƏRMİN