Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
27 Sentyabr Anım Günü xalqımızın yaddaşında vətən uğrunda canından keçən qəhrəmanların ehtiramla yad edildiyi mühüm günlərdən biridir. Bu tarix həm də şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının, onların ailələrinə göstərilən diqqət və qayğının bir daha nümayiş etdirildiyi gündür.
Anım Günü ərəfəsində ölkəmizin müxtəlif bölgələrində şəhid ailələri, qazilər və müharibə əlilləri ziyarət olunur, şəhidlərin məzarları önünə gül dəstələri düzülür, onların keçdiyi şərəfli döyüş yolu xatırlanır.
Bakı
Azərbaycan Turizm və Menecment Universitetində 27 Sentyabr Anım Günü ilə bağlı keçirilən mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti və Vətən müharibəsi iştirakçısı olan məzunlar iştirak ediblər.
Toplantıda ATMU-nun şəhid məzunu Məhəmmədli Həsənzadənin əziz xatirəsi ehtiramla yad olunub və onun barəsində videoçarx nümayiş etdirilib.
Ali məktəbin prorektoru Zaur Bağırov 44 günlük Vətən müharibəsinin xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. O, böyük Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunduğunu qeyd edib. Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Şəhidlərimizin qəhrəmanlıq salnaməsi, zəfər tariximiz və tarixi zəmin” mövzusunda çıxışında İkinci Qarabağ müharibəsində Azərbaycanın ədalətli mübarizəsini elmi-tarixi baxımdan təhlil edib.
Vətən müharibəsi iştirakçısı olmuş məzunlar Çingiz Pirizadə, Anar Mahmudov və Nicat Əlizadə cəbhə xatirələrindən söz açıblar.
Gəncə
AMEA Gəncə Bölməsi Bioresurslar, Ekologiya və Təbii Ehtiyatlar, Aqrar Problemlər institutları və Nəbatat Bağı ilə birgə “27 Sentyabr: Zəfərə aparan yol” mövzusunda dəyirmi masa təşkil edib.
Məclisi giriş sözü ilə açan AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, 6 il əvvəl xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərlə başa çatıb. Hər il bu möhtəşəm qələbəyə aparmış yürüşün ilk günü ölkəmizdə Vətən qurbanlarının xatirəsinə ehtiram olaraq Anım Günü kimi qeyd edilir. O, Gəncə Bölməsində şəhərin şəhid övladlarına həsr olunmuş kitabda bütün bunların geniş əksini tapdığını xatırladıb.
Dəyirmi masa məruzə və çıxışlarla davam edib. Müzakirələrdə Gəncə şəhidlərinin hünərindən geniş bəhs edilib, şəhərin tarixi zəfərin qazanılmasına göstərdiyi kömək vurğulanıb.
Şirvan
Şəhər icra hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə şəhidlərin və qazilərin vətən qarşısındakı xidmətlərindən, keçdikləri şərəfli döyüş yolundan söz açılıb. Bildirilib ki, onların göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixinin yaddaşında əbədi yaşayacaq.
Şəhid ailələrinin və müharibə əlillərinin qayğıları ilə maraqlanan icra başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib. Səmimi söhbət zamanı şəhid ailələrinin üzvləri və müharibə əlilləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Salyan
Rayon icra hakimiyyətinin nümayəndələri Salyan Rayon Mərkəzi Xəstəxanasında Birinci Qarabağ müharibəsində şəhid olmuş Sadiq Ərastun oğlu Babayevin anası Naibə Babayevanı ziyarət ediblər.
Şəhid anasının səhhəti ilə maraqlanılıb, müalicəsinin gedişi barədə məlumat alınıb, qayğıları dinlənilib. Şəhid anasına şəfa, möhkəm cansağlığı və uzun ömür arzulanıb. Onun səhhəti və müalicəsi ilə bağlı məsələlərin diqqətdə saxlanılacağı bildirilib. Naibə Babayeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Beyləqan
Anım Günü ərəfəsində şəhidlərin məzarları yad edilib. Rayon icra hakimiyyəti aparatının əməkdaşları Kəbirli və Yuxarı Kəbirli kəndlərində, eləcə də Örənqala qəsəbəsində şəhidlərin məzarlarını ziyarət ediblər. Məzarlar üzərinə gül dəstələri qoyulub, vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi ehtiramla yad edilib.
Qeyd olunub ki, şəhidlərin ömür yolu artıq yalnız onların ailələrinin deyil, bütün xalqımızın tarixinin bir parçasıdır. Onların adı illər keçdikcə unudulmur, əksinə, gələcək nəsillərə vətən sevgisinin, sədaqətin və fədakarlığın nümunəsi kimi ötürülür.
Hacıqabul
Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət edib. Ziyarət zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun, Rustamov Ruslan Nüsrət oğlunun, Qasımov Elman Yunis oğlunun, Qasımov Həsən Şöhrət oğlunun və Mirzəyev Məsud Fazil oğlunun ailə üzvləri ilə görüşlər keçirilib.
Görüşlərdə şəhidlərin Vətənin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs olunub, onların əziz xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb. Ailələrin sosial-məişət şəraiti və qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənilib.
Zərifə HÜSEYNOVA,
Hamlet QASIMOV,
Mikayıl NƏRİMANOĞLU,
XQ