Şəhərin tıxacında itən səbrimiz

22.09.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Yollar yenə bağlanıb.

Səhər evdən çıxırsan. Tələsirsən. İşə gecikməməlisən, uşağı məktəbə çatdırmalısan, hansısa görüşə vaxtında getməlisən. Amma şəhər sanki dayanıb. Maşınlar bir-birinin ardınca düzülüb. Siqnallar səslənir. Kimsə əsəbi halda sükanı döyür. Kimsə telefona baxıb saatı hesablayır. Kimsə artıq gecikdiyini bilir, amma əlindən heç nə gəlmir.

Metroya düşürsən, orada da vəziyyət başqadır. Basabas. İnsanların üzündə yorğunluq. Hamı bir-birinə toxunmadan dayanmağa çalışır. Kimsə nəfəsini dərir, kimsə susur, kimsə əsəbiləşir. Gün hələ başlamayıb, amma insan artıq günün bütün enerjisini itirib.

Bəli, bəzən yolların bağlanmasının səbəbi olur. Böyük tədbirlər keçirilir, təhlükəsizlik tədbirləri görülür, dövlət səviyyəli qonaqlar gəlir. Bunların hamısının öz səbəbi və zərurəti ola bilər. Amma bir şeyi də unutmaq olmaz: şəhərin içində yaşayan insan da bu şəhərin bir hissəsidir.

O insanın da vaxtı var. Onun da işi var. Onun da ailəsi var. Onun da səbrinin bir həddi var.

Bir tıxac bəzən sadəcə yolda itirilmiş bir saat deyil. O, insanın əsəbindən gedən bir saatdır. Evə yorğun çatmaqdır. Uşağınla keçirəcəyin vaxtın azalmasıdır. İşə əsəbi başlamaqdır. Gün ərzində bir neçə dəfə “niyə belə oldu?” deyə düşünməkdir.

Ən pisi də budur ki, insan bir müddətdən sonra buna öyrəşməyə başlayır.

“Yenə tıxacdır“, “Yenə yolu bağlayıblar”, Yenə metroda basabasdır”, “Yenə gecikəcəyik”.

Bəlkə də, şəhər üçün ən təhlükəli məqam elə budur: problemi həll etməyə çalışmaq əvəzinə, problemə alışmaq.

Şəhər yalnız binalardan, yollardan, körpülərdən və metrolardan ibarət deyil. Şəhər onun içində yaşayan insanların psixologiyasıdır. İnsan səhər şəhərə çıxanda daim gərginlik gözləyirsə, hər səfərini vaxt ehtiyatı ilə planlaşdırmağa məcburdursa, yolda saatlarla qalırsa, metroya minəndə rahat nəfəs ala bilmirsə, deməli, məsələ artıq nəqliyyat məsələsindən böyükdür.

Bu, həyat keyfiyyəti məsələsidir.

Mən düşünürəm ki, şəhər insanı öz ritminə uyğunlaşdırmağa çalışmamalıdır. Əksinə, şəhərin ritmi insanın həyatını nəzərə almalıdır.

Tədbir keçirilə bilər. Yol bağlana bilər. Təhlükəsizlik təmin edilə bilər. Amma bütün bunların planlaşdırılmasında adi vətəndaşın həyatı da hesablanmalıdır. Alternativ yollar əvvəlcədən düşünülməlidir. İctimai nəqliyyat gücləndirilməlidir. İnsanlara aydın məlumat verilməlidir. Şəhər bir neçə saatlıq tədbir üçün milyonlarla insanın gündəlik həyatını xaosa çevirməməlidir.

Çünki o milyonların hər birinin öz kiçik dünyası var. Birinin xəstə anası evdə gözləyir. Birinin uşağı məktəbin qarşısında dayanıb. Birinin işdən sonra imtahanı var. Birinin xəstəxanaya getməsi lazımdır. Birinin sadəcə axşam evinə vaxtında çatıb bir az dincəlmək arzusu var.

Bunlar statistikada görünməyən şeylərdir. Tıxacın neçə kilometr olduğu ölçülür. Yollarda neçə avtomobil olduğu hesablanır. Metrodan neçə sərnişinin istifadə etdiyi bilinir. Amma həmin tıxacın içində neçə insanın səbrini itirdiyini, neçə nəfərin gününün korlandığını, neçə ailənin axşam bir-birinə əsəbi çatdığını ölçmək olmur.

Mən artıq tıxac görəndə yalnız avtomobilləri görmək istəmirəm. Sükan arxasında oturan insanı görmək istəyirəm. Metroda sıxılmış adamı görmək istəyirəm. Səhər saatlarında şəhərin bir başından o biri başına getməyə çalışan insanın yorğunluğunu görmək istəyirəm.

Çünki şəhər insan üçün qurulur. İnsan şəhər üçün yaşamır.

Və əgər bir gün şəhərdə hərəkət etmək özü insan üçün gündəlik əsəb mənbəyinə çevrilirsə, onda sadəcə yolları genişləndirmək yox, düşüncə tərzini də dəyişmək lazımdır.

Biz “yenə belə oldu” deməklə kifayətlənməməliyik.

Çünki hər “yenə belə oldu”nun arxasında bir insanın itirdiyi vaxt, bir az səbr, bir az rahatlıq, bəzən də bir az həyat var.

Əsas sual da budur:

Bu şəhərdə biz nə vaxt sadəcə bir yerdən başqa yerə getməyəcəyik, nə vaxt rahat yaşamağa da başlayacağıq?

Bəlkə də, şəhərin gələcəyini ən çox göstərən şey onun yeni yolları və yeni binaları deyil.

İnsanların küçəyə çıxanda nə qədər rahat nəfəs ala bilməsidir.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью