Şəhərlər həm də yaşatmalıdır

23.05.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı mühüm beynəlxalq məsələlərin müzakirəsi, qlobal həmrəyliyin təşviqi üçün vacib məkan rolunu oynamagda davam edir

Müasir dünya sürətlə urbanizasiya olunur. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, yaxın onilliklərdə dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Şəhərlər indi həm də insan sağlamlığının, ekoloji təhlükəsizliyin və sosial rifahın müəyyən olunduğu əsas məkanlara çevrilib. Bu səbəbdən XXI əsrin urbanizasiya modeli əvvəlki dövrlərdən fərqli olaraq “böyüyən şəhər” ideyasından əlavə, “yaşanıla bilən şəhər” anlayışına əsaslanmalıdır. Çünki betonlaşma, sənaye emissiyaları, avtomobil sıxlığı və plansız urbanizasiya milyonlarla insanın nəfəs aldığı havanı görünməz təhlükəyə çevirib.

Məhz bu cür qlobal çağırışlar fonunda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunan yüksəksəviyyəli tədbir beynəlxalq müzakirələrin istiqamətini dəyişən mühüm platformalardan biri kimi diqqət çəkdi. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” adlı forum urbanizasiya ilə ekologiya arasında tarazlığın necə qurulmalı olduğu barədə yeni yanaşmaları gündəmə gətirdi. Tədbirin sonunda qəbul edilən “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünike isə gələcək şəhər siyasətinin istiqamətlərini müəyyənləşdirməyə çalışan beynəlxalq çağırış kimi qiymətləndirildi. Leyla Əliyevanın bu humanitar təşəbbüsünü Bakıdan dünyaya ünvanlanan ekoloji urbanizasiya mesajı kimi də dəyərləndirmək olar. 

Əslində müasir şəhərlərin əsas paradoksu məhz inkişaf ilə nəfəs almaq arasında yaranan ziddiyyətdə özünü göstərir. Müşahidə edirik və görürük ki, son onilliklər ərzində dünyanın bir çox meqapolislərində iqtisadi artım sürətlənsə də, bununla paralel olaraq ətraf mühitin çirklənməsi, istilik adası effekti, yaşıllıq sahələrinin azalması və iqlim həssaslığı da dərinləşib. Ümumdünya Səhiyyə Təşkilatının acı statistikası da təsdiqləyir ki, hər il planetimizdə milyonlarla insan hava çirklənməsi ilə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Təəssüflər olsun ki, problem artıq səhiyyə, sosial bərabərlik və iqtisadi dayanıqlılıq probleminə çevrilib. Çünki keyfiyyətli hava əsasən imkanlı məhəllələrdə qalır, çirkli hava isə daha çox sosial cəhətdən həssas qrupların yaşadığı ərazilərdə cəmlənir. Beləliklə, paradoksal səslənsə də, nəfəs almaq hüququ qlobal bərabərsizliklərin bir hissəsinə çevrilir.

Bakıda keçirilən forumun diqqətçəkən cəhəti məhz bu məsələyə humanist yanaşma sərgiləməsi idi. Tədbirdə şəhərlərin insan sağlamlığı və ekoloji rifah üzərindən dəyərləndirilməsinin vacibliyi vurğulandı. Çünki şəhərin inkişaf səviyyəsi bəzən onun siluetindən daha çox, sakinlərinin rahat nəfəs ala bilməsində ölçülür. Ona görə də yaşıl infrastruktur anlayışı şəhərin həyati sistemi kimi təqdim olunur.

Yeri gəlmişkən, yaşıl infrastruktur son illərdə qlobal şəhərsalma siyasətində strateji istiqamətə çevrilib. Buraya parklar, şəhər meşələri, yaşıl damlar, ekoloji dəhlizlər, su hövzələri və biomüxtəlifliyi qoruyan urbanistik həllər daxildir. Sözügedən yanaşmanın əsas məqsədi təbiəti şəhərdən kənarda saxlanılan element kimi yox, daxilində yaşayan orqanizm kimi qəbul etməkdir. Çünki ağaclar  havanı təmizləyir, temperaturu aşağı salır, karbon emissiyalarını azaldır və insan psixologiyasına müsbət təsir göstərir. Son araşdırmalar göstərir ki, yaşıllıq zonalarının çox olduğu şəhərlərdə həm stres səviyyəsi, həm də ürək-damar xəstəlikləri daha aşağı olur.

Bakıda qəbul edilən “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı”nın mühüm tərəfi ondan ibarətdir ki, sənəd hava keyfiyyəti məsələsinin Ümumdünya Şəhərsalma Forumunun gələcək sessiyalarının gündəliyində daimi mövzu kimi təsbit olunmasına çağırış edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın bu nəcib təşəbbüsü, əslində, urbanizasiya siyasətində yeni prioritet formalaşdırmaq istəyindən irəli gəlir. Çünki uzun illər şəhərsalma müzakirələrində əsas diqqət nəqliyyat, yaşayış, iqtisadiyyat və infrastruktur üzərində cəmləşsə də, hava keyfiyyəti ayrıca strateji istiqamət kimi kifayət qədər ön plana çıxarılmırdı. Çağırışın Bakıda səslənməsi də xüsusi simvolik məna daşıyır. Son illər Azərbaycan beynəlxalq platformalarda iqlim diplomatiyası və yaşıl gündəlik istiqamətində daha fəal mövqe nümayiş etdirir. Xüsusilə ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf məsələlərinin dövlət siyasətində ön plana çıxması ölkənin beynəlxalq ekoloji platformalarda iştirakını gücləndirib. Bu kontekstdə Bakının qlobal urbanizasiya və ekologiya dialoqunun mərkəzlərindən birinə çevrilməsi təsadüfi görünmür.

Bəli, sonda bu qənaətə gəlmək olar ki, müasir urbanizasiya prosesində texnologiyanın rolu artsa da, insan faktoru yenə əsas olaraq qalır. Süni intellektlə idarə olunan şəhərlər, rəqəmsal nəqliyyat sistemləri və ağıllı infrastrukturlar yalnız insan sağlamlığını və ətraf mühiti qorumağa xidmət etdiyi zaman uğurlu hesab edilə bilər. 

Nəzrin ELDARQIZI

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью