Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Səhər yuxudan oyanana kimi 11-ə qədər davam edən burun axıntısı səbəbi adətən allergik rinit zamanı daha çox görülür. Xüsusilə toz allergiyası olan insanlarda, tozla təmasın daha çox olduğu müddətdə bu əlamətlər özünü göstərir".
Redaktor.az xəbər verir ki, bu fikirləri allerqoloq Gülnar Quliyeva sosial şəbəkə hesabında yazıb.
"Adətən bu hallar biz yatdığımız zaman, yəni 7-8 saat ərzində uzun müddət eyni otaqda, xüsusilə də yorğan-döşəkdə qaldığımız zaman olur. Səhər saatlarında tozla təmasımız daha çox olduğuna görə burun selikli qişası allergiyadan şişkin vəziyyətdə olur. Nəticədə xəstələr yataqdan qripə bənzər əlamətlərlə oyanırlar: burun axıntısı, burundan selik ifrazı, bəzi xəstələrdə isə qaşınma və asqırma müşahidə olunur. Adətən bu şikayətlər günortaya doğru azalır, növbəti gün isə yenidən, xüsusilə axşam və səhər saatlarında təkrarlanır. Bu, xroniki patologiyadır. Vaxtında düzgün ixtisas həkiminə müraciət edib müalicə almadıqda, bu pasiyentlərdə sonradan bronxial astmanın yaranma ehtimalı yüksək ola bilər. Ona görə də bu şikayətlərdən əziyyət çəkən pasiyentlər allerqoloqun nəzarətində hansı allergenə qarşı həssaslıqlarının olduğunu müəyyənləşdirməli və vaxt itirmədən müalicə almalıdırlar".
Xədicə BAXIŞLI