Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? Ekspert AÇIQLADI

10.09.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəhər infrastrukturunun bütün insanlar üçün əlçatan olması yalnız səki və pandusların mövcudluğu ilə ölçülməməlidir. Əsas məsələ yaradılan infrastrukturun real istifadəyə nə dərəcədə uyğun olmasıdır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, əlçatanlıqla bağlı problemlərə “svetofor prinsipi” ilə yanaşmaqla bir çox məsələləri daha sürətli həll etmək mümkündür.

Ekspertin sözlərinə görə, bu yanaşmada qırmızı rəng problemin mövcudluğunu, sarı rəng təkmilləşdirməyə ehtiyac olduğunu, yaşıl rəng isə tam əlçatan həllin təmin edildiyini göstərir.

“Qırmızı – problem var. Məsələn, səki mövcuddur, amma pandus yoxdur. Sarı – təkmilləşdirmə lazımdır. Pandus quraşdırılıb, lakin səkinin hündürlüyü və ya meyilliliyi hərəkəti çətinləşdirir. Bu, yalnız əlil arabası istifadəçisi üçün deyil, yaşlı insan, uşaq arabası ilə hərəkət edən valideyn və hətta sağlam insan üçün də əlavə maneədir.

Yaşıl isə əlçatan həll deməkdir. Pandus, uyğun səki hündürlüyü, düzgün meyillilik və maneəsiz hərəkət təmin olunur.

Eyni prinsip svetoforlara da tətbiq edilə bilər. Səsli siqnalların və piyada keçidlərində taymerlərin quraşdırılması həm görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyini artırar, həm də bütün piyadaların diqqətini və keçid zamanı düzgün qərar verməsini asanlaşdırar”, – deyə Rauf Ağamirzəyev bildirib.

Ekspert vurğulayıb ki, əlçatanlıq yalnız infrastrukturun mövcudluğu ilə deyil, onun funksionallığı və insanlar üçün istifadəyə yararlılığı ilə qiymətləndirilməlidir.

“Şəhəri hamı üçün əlçatan etmək üçün bəzən böyük layihələrdən əvvəl kiçik, konkret və sürətli müdaxilələrə ehtiyac var”, – deyə o əlavə edib.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью