Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda son illər şəhər həyatının ən çox müzakirə olunan problemlərindən biri məhz akustik (səs) çirklənmədir.
“Cebheinfo.az”-ın araşdırmasına görə, xüsusilə iri şəhərlərdə tikinti işləri, avtomobil sıxlığı, gecə saatlarında obyektlərdən gələn yüksək səslər və məişət səs-küyü insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir.
Bəzi mütəxəssislər bildirirlər ki, səs-küy təkcə narahatlıq yaratmır, eyni zamanda sağlamlıq üçün də risk mənbəyidir.
Aparılan elmi araşdırmalar göstərir ki, uzun müddət həddindən artıq səs-küyə, uğultuya məruz qalma zamanı stress səviyyəsi artır, yuxu pozuntularına səbəb olur və diqqət dağınıqlığı yaradır.
Xüsusilə gecə saatlarında davamlı səs-küy insanların normal istirahət etməsinə mane olur. Bu isə iş məhsuldarlığının azalmasına, əsəb gərginliyinə və psixoloji yorğunluğa gətirib çıxara bilər.
Şəhər sakinləri arasında ən çox narazılıq doğuran məsələlərdən biri gecə saatlarında obyektlərdə səsləndirilən musiqi, küçələrdə avtomobil siqnalları və nəzarətsiz tikinti işləridir.
Bir çox vətəndaş hesab edir ki, qaydalar mövcud olsa da, onların icrasına nəzarət yetərli deyil.
Ekspertlər qeyd edirlər ki, səs-küy çirkliliyi gələcəkdə daha ciddi sosial problemə çevrilə bilər.
Onların fikrincə, şəhərsalma siyasətində akustik planlaşdırmaya diqqət artırılmalı, yaşayış zonalarında nəzarət gücləndirilməli və cərimə mexanizmləri sərtləşdirilməlidir.
Qeyd edək ki, insanların rahat yaşamaq hüququnun qorunması üçün səs-küyə qarşı daha sistemli yanaşma vacibdir. Əks halda urbanizasiya artdıqca bu problem daha da dərinləşəcək.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin