Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
Cari ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yalnız memarlıq və şəhərsalma sahəsinə diqqətin artırılması ilə məhdudlaşmır, eləcə də ölkəmizin inkişaf fəlsəfəsinin, milli kimlik anlayışının və dövlətçilik düşüncəsinin ardıcıl şəkildə davam etdirilməsinin təzahürü olaraq ifadə edilir. Həmçinin bu addım Azərbaycan dövlətinin şəhərsalma siyasətini uzunmüddətli strateji baxış çərçivəsində formalaşdırdığını aydın şəkildə ortaya qoyur. Müasir beynəlxalq təcrübə göstərir ki, şəhərsalma və memarlıq siyasəti dövlətlərin sosial-iqtisadi inkişaf səviyyəsini və mədəni identikliyini əks etdirən əsas göstəricilərdən biridir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanda memarlıq və şəhərsalma sahəsinin prioritet istiqamət kimi müəyyənləşdirilməsi milli maraqlara əsaslanan davamlı inkişaf modelinin mühüm tərkib hissəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O, Azərbaycanda müasir memarlıq və şəhərsalma siyasətinin ideoloji əsaslarının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə formalaşdığını xatırladaraq əlavə edib: “Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsində şəhərsalma yalnız iqtisadi və texniki fəaliyyət sahəsi kimi deyil, milli şüurun formalaşdırılması, tarixi yaddaşın qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından mühüm vasitə kimi qiymətləndirilib. Beləliklə, bu strateji yanaşma nəticəsində XX əsrin 70-80-ci illərində Bakı şəhərinin tarixi-memarlıq siması qorunmaqla yenilənib, regionlarda planlı şəhərsalma proqramları həyata keçirilib, sənaye və mədəniyyət mərkəzləri formalaşdırılıb. Həmin dövrdə yaranmış Azərbaycan memarlıq məktəbi milli ornamentlər, tarixi üslub elementləri və müasir memarlıq prinsiplərinin uzlaşdırılması əsasında formalaşaraq bu gün də öz aktuallığını saxlayır. Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş bu ideoloji və strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində memarlıq və şəhərsalma sahəsi yeni keyfiyyət mərhələsinə yüksəlib, ölkə ərazisində kompleks və balanslı inkişaf təmin edilib. Son illərdə paytaxt Bakı ilə yanaşı, regionlarda da genişmiqyaslı şəhərsalma layihələrinin icrası mərkəz-region fərqinin azaldılmasına, yaşayış mühitinin müasirləşdirilməsinə və əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir. Müasir yol-nəqliyyat infrastrukturu, ictimai məkanlar, sosial və mədəni obyektlərin inşası şəhərsalma siyasətinin sosial yönümlü mahiyyətini açıq şəkildə nümayiş etdirir”.
Politoloq qeyd edib ki, Azərbaycanın şəhərsalma siyasətində xüsusi əhəmiyyət kəsb edən istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma prosesidir. Uzun illər işğala və dağıntılara məruz qalmış ərazilərimizdə aparılan bu işlər yalnız infrastrukturun bərpası deyil, dövlət suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün praktik təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, işğaldan edilmiş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi, tarixi-mədəni irs nümunələrinin orijinal üslubda bərpası, ekoloji dayanıqlılıq və yaşıl enerji prinsiplərinin əsas götürülməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Şübhəsiz ki, Şuşa, Ağdam, Füzuli və Zəngilan şəhərlərində həyata keçirilən layihələr dövlətin bərpa və inkişaf siyasətinin sistemli xarakterini təsdiqləyir. Ona görə də, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması şəhərsalmanın milli təhlükəsizlik, sosial sabitlik və davamlı inkişaf baxımından strateji əhəmiyyətə malik olduğunu bir daha ön plana çıxarır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesləri və Azərbaycanın regional səviyyədə mövqelərinin möhkəmlənməsi bu qərarın siyasi əhəmiyyətini artırır.
“Azərbaycanın memarlıq və şəhərsalma siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji əsaslar üzərində Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması isə Azərbaycanın şəhərsalma və memarlıq sahəsində planlı, məsuliyyətli və davamlı inkişaf yolunu seçdiyini bir daha təsdiqləyən önəmli məqamdır”, - deyə A.Qurbanova vurğulayıb.