Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İkinci Qarabağ müharibəsində canını Vətəninə fəda edib ölməzliyə qovuşan qəhrəmanlardan biri də Masallı rayonunun Hüseyn-hacılı kəndində dünyaya göz acan Elçin Qismət oğlu Novruzovdur. Əbədi olaraq milyonların ürəyinə köçən bu Vətən sevdalının şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Niyazi Bağırov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. İştirakçılar şəhid Elçin Novruzovun məzarına baş çəkib, üzərinə gül dəstələri qoyublar.
Çıxışlar zaman bildirilib ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsi daim əziz tutulur. Onların ailələri, eləcə müharibə əlilləri və iştirakçıları dövlət siyasətinin mühüm istiqaməti olmaqla daim diqqət və qayğı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması hər birimizin müqəddəs borcudur.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü