Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 27 sentyabr, AZƏRTAC
Şəhid Əlihüseyn Elşad oğlu Məmmədovun həyat yolu Vətənə bağlılığın, məsuliyyət hissinin və yüksək mənəvi dəyərlərin bariz nümunəsi olub. O, uşaqlıq və tələbəlik illərindən intizamı, təmkinli davranışı və Vətən sevgisi ilə seçilib.
Şəhid anası Arzu Məmmədova AZƏRTAC-a açıqlamasında oğlunun xarakteri, təhsil illəri, hərbi xidmətə münasibəti və Vətənə bağlılığından danışıb.
“Çox mehriban, sakit təbiətli, az danışan, düşünüb danışan, hər işini planlayan, plandan çıxmağı xoşlamayan bir oğul idi. Hər hansı işi görərkən əvvəlcədən düşünərdi necə etsin ki, qarışıqlıq yaranmasın. İşlərini nizamlı şəkildə qurardı.
Məktəbdə çox tərbiyəli, səliqəli şagird olub. Heç vaxt dərsə gecikməzdi. Lakin bir dəfə dərsə gecikmişdi. Müəllimi onu tanıdığı üçün dərsə buraxdı. Əlihüseyn sinfə daxil olarkən səhər himn oxunuşuna çatmadığını təəssüflə dilə gətirdi. Müəllim onun bu sözündən təsirlənərək sinifdə yenidən himn oxutdurdu”, – deyə Arzu Məmmədova söyləyib. Onun sözlərinə görə, Əlihüseyn Azərbaycan Texniki Universitetinin Energetika mühəndisliyi fakültəsində təhsil alıb. Tələbəlik illərində də yüksək davranışı və məsuliyyətli münasibəti ilə seçilib.
“İnstitutda da onun haqqında çox yüksək fikirlər vardı. İnsanlarla yüksək səviyyədə davranırdı. Yaşından böyük düşünürdü. Yaşı 20 olsa da, elə bil 35-40 yaşında insan kimi düşünürdü. Gələcəyini görür, planlayır, məsuliyyətlə hərəkət edirdi. Böyük-kiçiyin yerini bilirdi”, – deyə şəhid anası qeyd edib.
Arzu Məmmədova bildirib ki, oğlunun Vətənə bağlılığı tələbəlik illərində də özünü göstərib: “Universitetdə kurs işi üçün tələbələrə müxtəlif xarici ölkələrin neft emalı sənayesinin araşdırılması tapşırılıb. Əlihüseynə də xarici ölkələrdən biri düşüb. Əlihüseyn müəlliminə deyib ki, Azərbaycan neft sənayesini işləyəcək. Öz dövlətini qoya-qoya niyə xarici dövləti işləməlidir? Müəllimi həmin vaxt onun bu israrını sadəcə tələbə inadkarlığı kimi qəbul edib. Lakin Əlihüseyn şəhid olduqdan sonra həmin hadisəni xatırlayaraq onun Vətənə bağlılığının nə qədər güclü olduğunu düşünüb”.
Şəhid anası qeyd edib ki, Əlihüseyn hərbi xidmətə çağırışını gözləmədən özü hərbi komissarlığa müraciət edib və əsgərliyə getmək istəyini bildirib: “Onun üçün bu, sadəcə hərbi xidmət deyildi. O, Vətən qarşısında borcunu yerinə yetirməyi özünün məsuliyyəti hesab edirdi.
Komandiri deyirdi ki, çox sakitdir, nə tapşırırsansa, yerinə yetirir, artıq söz işlətmir. Yoldaşlarının içərisində ali təhsilli yeganə əsgər idi və davranışı ilə də seçilirdi”.
Şəhid anası oğlunun dostları ilə münasibətindən danışarkən onun Vətənə bağlılığını göstərən daha bir hadisəni xatırladıb. “Orta məktəbdə Əlihüseynin bir sinif yoldaşı Türkiyəyə təhsil almağa gedib. Dostluqları davam edib. Əlihüseyn hərbi xidmətdə olarkən həmin dostu Türkiyə vətəndaşlığını qəbul etmək və orada hərbi xidmət keçmək fikrində olduğunu deyib. Əlihüseyn isə ona məktubunda Azərbaycanda əsgərlik etməli olduğunu yazıb. Əlihüseyn şəhid olduqdan sonra həmin dostu bu hadisəni mənə danışdı. Dedi ki, Əlihüseyn şəhid olanda çox pis olub. Özünə söz verdib ki, dostunun arzusunu yerinə yetirəcək. Azərbaycana qayıdıb, burada hərbi xidmət keçib. Sonra da Əlihüseynin məzarı üstünə gedib, Azərbaycanda əsgərlik etdiyini söyləyib”, – deyə şəhid anası bildirib. Arzu Məmmədova qeyd edib ki, oğlunun uşaqlıqdan formalaşan xarakteri, insanlara münasibəti, məsuliyyət hissi və Vətənə bağlılığı onun həyat yolunun əsas xüsusiyyətlərindən olub.
Müxbir - Tünzalə Arazlı