“Şəhid anasını niyə hədəfə çevirirsiniz?” Cəlal Qurbanov

07.09.2026

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlal Qurbanov sosial şəbəkə hesabında şəhid Xudayar Yusifzadənin anası Radə xanımla bağlı son günlər yayılan paylaşımlara münasibət bildirib.

Doğru.az xəbər verir ki, Cəlal Qurbanov bəzi sayt və sosial şəbəkə səhifələrində şəhid anasına qarşı kampaniya aparıldığını qeyd edərək buna təəssüf etdiyini bildirib.

O, Şuşanın qayalarına böyük ölçüdə adların yazılmasını düzgün hesab etmədiyini vurğulayıb:

“Şuşanın hər daşı, hər qayası qorunmalıdır. Şəhidlərimizin adları orada əbədiləşdiriləcəksə, bu, qayalara səliqəsiz şəkildə yazılmaqla deyil, Zəfər Muzeyində olduğu kimi, xüsusi hazırlanmış yaraşıqlı lövhələr üzərində həyata keçirilməlidir”.

Cəlal Qurbanov bildirib ki, sözügedən yazılara görə şəhid anasının hədəfə çevrilməsi düzgün deyil:

“Ancaq həmin yazıları nə şəhidlərimiz Xudayar və Turqut yazıb, nə də onların anaları! Elə isə bu yazılara görə bir şəhid anasını günlərlə hədəfə çevirməkdə, haqqında alçaldıcı başlıqlar paylaşmaqda və onu cəmiyyət qarşısında nüfuzdan salmağa çalışmaqda məqsəd nədir?”

O, şəhid anasına qarşı iradların varsa, məsələnin üzbəüz və hörmət çərçivəsində həll edilməli olduğunu qeyd edib.

“Bir şəhid anasını sosial şəbəkələrdə günlərlə müzakirə mövzusuna çevirərək cəmiyyətə təqdim etmək düzgün deyil. Bu, övladını Vətənə qurban vermiş bir ananın yaralı qəlbinə yenidən dağ çəkməkdir”, – deyə Qurbanov vurğulayıb.

Cəlal Qurbanov paylaşımında bəzi şəhid valideynlərinin sosial platformalarda, xüsusilə TikTok-da nümayiş etdirdiyi davranışlara da münasibət bildirib. O, şəhid adına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.

“Şəhid adı heç kimə qanunu pozmaq, kimisə təhqir etmək, alçaltmaq və ya döymək haqqı vermir”, – deyə o bildirib.

Qurbanov boykot çağırışlarının şəhid analarına deyil, milli-mənəvi dəyərlərə və qanunlara zidd davranış nümayiş etdirən şəxslərə qarşı yönəldilməsini istəyib.

Paylaşımının sonunda Cəlal Qurbanov Xudayar Yusifzadənin qəhrəmanlığını da xatırladıb:

“Xudayar yalnız gözəl səsi ilə yadda qalmayıb. O, döyüş meydanındakı mərdliyi, qorxmazlığı, Vətən sevgisi və qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalıb. Xudayarın səsi xalqımızın ruhuna toxundu, döyüşü və şəhadəti isə onun adını Vətənin tarixinə əbədi həkk etdi!”

Cəlal Qurbanov şəhid anasına qarşı hörmətli münasibət göstərilməsinə çağırış edib:

“Unutmayın, şəhid anası müqəddəsdir! … Gücünüzü övladını Vətənə qurban vermiş anaya deyil, şəhidlərimizin müqəddəs adını şəxsi mənafeyinə alət edənlərə göstərin! Şəhid anasının yaralı qəlbini bir də siz yaralamayın!”

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью