Şəhid anasının arzusu gerçəkləşdi FOTOLAR

18.09.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xankəndi şəhər sakini, şəhid anası Mübarizə Əliyevanın həyatında yeni səhifə açılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, illərlə torpaq həsrəti yaşayan, uzun illər Bərdə rayonunda və Bakı şəhərində məskunlaşmış şəhid anasının ən böyük arzusu doğma Xankəndiyə qayıtmaq, ömrünün qalan illərini öz torpağında keçirmək olub. Onun bu arzusu artıq gerçək olub.

Mübarizə Əliyeva doğma Xankəndi şəhərinə qayıdaraq, Kərkicahan qəsəbəsində məskunlaşıb, dövlət tərəfindən mənzillə təmin olunub.

Mübarizə Əliyevanın doğma torpağa bağlılığını daha da dərinləşdirən isə onun şəhid olan qızı Saranın həyat və mübarizə yoludur.

Qeyd olunur ki, Əliyeva Sara Asif qızı 1964-cü ildə Xankəndi şəhərində anadan olub. Orta təhsilini doğma şəhərində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniyaya gedib.

Xaricdə təhsil aldığı müddətdə bir neçə xarici dil öyrənib. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan Sara Əliyeva, Şuşaya köçürülmüş Qarabağ Universitetində xarici dil müəllimi kimi çalışıb.

O, 1992-ci ildə Şuşanın Qaybalı kəndi ərazisində baş verən helikopter qəzası zamanı şəhid olub. Mübarizə Əliyeva üçün doğma torpağa qayıdış, həm də qızının ruhuna qovuşmaq, uğrunda canından keçdiyi torpaqlarda azad yaşamağın qürurunu hiss etməkdir.

Bu gün Mübarizə Əliyeva övladları və nəvələri ilə birlikdə Xankəndidədir.

O, doğma torpağında yaşamağın verdiyi xoşbəxtliyi sözlərlə ifadə etməkdə çətinlik çəkir.

Şəhid anası göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlığını bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyir

Onun hekayəsi bir daha göstərir ki, Böyük Qayıdış yalnız insanların öz yurdlarına dönüşü deyil, həm də illərlə qorunan xatirələrin, yarımçıq qalan arzuların yenidən yaşanmasıdır.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью