Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Hələ də inana bilmirəm ki, Həmid yoxdur", — deyir. Bu söz adi bir cümlə deyildi. O an başa düşdüm ki, bəzi analar üçün şəhid xəbəri illər keçsə də, qəbul olunmur. Çünki onların gözündə övlad haradasa yenə gələcək, qapını açacaq, "ana, mən gəldim" deyəcək.
Kapitan şəhid Həmid Həmidli haqqında danışdıqca Könül ananın səsi gah titrəyir, gah da fəxrlə ucalırdı. Könül ana deyirdi ki, Həmid evə gələndə onların həyətinə başqa bir sevinc dolardı: "Onun gəlişi bizim üçün bayram idi. Evdə hamının üzü gülürdü. Elə bil ev nəfəs alırdı".
Bəzən bir insanın varlığı bir ailənin ruhuna çevrilir. Həmid də həmin insanlardan biri olub. O, təkcə hərbi forma geyinən hərbçi deyildi; anasının ümid yeri, ailəsinin dayağı, yaxınlarının güvənc yeri idi.
Könül ana göz yaşlarını gizlətməyə çalışsa da, bir məqamda buna gücü çatmadı: "Həmid şəhidliyi çox uca məqam sayırdı. Deyirdi ki, Vətən üçün ölmək ən böyük şərəfdir". Bir ananın bunu deməsi nə qədər ağırdır... Amma o, ağrısının içində belə oğlunun seçdiyi yola hörmətlə yanaşırdı.
Qəhrəmanlıq insanın xarakterində, baxışında, yaşama tərzində formalaşır. Könül ana dedi ki, oğlunda qəribə bir hiss var idi: "Elə bil ürəyinə dammışdı. Bəzən danışığında hiss olunurdu ki, Vətən yolunda hər şeyə hazırdır". Bu hazırlıq qorxmazlıqdan da böyükdür. Çünki insan sevdiklərini geridə qoyacağını bilə-bilə yolundan dönmür.
Bu gün Həmidin adı təkcə ailəsinin deyil, onu tanıyan hər kəsin yaddaşında yaşayır. Şəhidlər haqqında ən böyük həqiqət budur: onlar torpağa tapşırılsalar da, insanların qəlbindən köçmürlər.
Söhbətin sonunda Könül ana uzun müddət susdu. Sonra çox sakit səslə dedi: "Mən oğlumla fəxr edirəm. Darıxıram, çox darıxıram... Amma bilirəm ki, Həmid başıuca getdi".
O an düşündüm ki, şəhid anasının göz yaşları zəiflik deyil. O göz yaşlarının içində bir xalqın ən böyük sərvəti — Vətən uğrunda böyüdülən oğulların əzəməti yaşayır.
Və bəlkə də Həmid Həmidlinin həyatı haqqında deyiləcək ən doğru cümlə budur: O, ailəsinə bayram sevinci gətirən bir oğul idi, şəhidliyi ilə isə bir xalqın qüruruna çevrildi.
İradə Cəlil, Bizimyol.info