Şəhid mayor Vüsal Vəliyevin adına sinif YARADILDI

26.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Əli Sultanlı adına Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, şəhidin anım günü ərəfəsində keçirilən tədbirdə məktəbin müəllim və şagird kollektivi, mayor Vüsal Vəliyevin ailə üzvləri və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Quliyeva qonaqları səmimi salamlayaraq, şəhidlərin əziz xatirəsinin yad edilməsinin böyük mənəvi əhəmiyyət daşıdığını bildirib,  Qarabağın azad olunması və suverenliyimizin qorunması uğrunda canından keçən qəhrəmanların heç vaxt unudulmayacağını vurğulayıb. O, Vətən uğrunda övladlarını şəhidlik zirvəsinə ucaldan valideynlərə təşəkkürünü bildirərək, onların fədakarlığının böyük ehtiram və minnətdarlıqla yad edildiyini qeyd edib.

Məktəbin müəllimi Lamiə Hüseynova çıxışında bildirib ki,  Vətən uğrunda canından keçən qəhrəmanların həyat və döyüş yolu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnəkdir. 

Tədbir çərçivəsində məktəbin 5 “C” sinfinə şəhid mayor Vüsal Vəliyevin adı verilib və sinifdə xatirə lövhəsi qoyulub. Sinif rəhbəri Qönçə Novruzova rəhbərlik etdiyi sinfin şagirdlərinin şəhid mayor Vüsal Vəliyevin adını böyük qürur və məsuliyyət hissi ilə daşıyacaqlarını diqqətə çatdırıb.
Daha sonra şəhid mayor Vüsal Vəliyevin döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxış edənlər Vüsal Vəliyevin şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan və Vətən qarşısındakı xidmətlərindən söz açıblar.

Məktəbin şagirdləri şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş şeirlər səsləndiriblər. Qeyd olunub ki, şəhidlərin qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə ötürülməsi onların xatirəsinin yaşadılmasına, şagirdlərdə vətənpərvərlik, milli qürur və Vətənə xidmət kimi ali dəyərlərin formalaşmasına mühüm töhfə verir.

Şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanım məktəb rəhbərliyinə, müəllim və şagird kollektivinə, eləcə də tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, oğlunun adının məktəbdə əbədiləşdirilməsini və onun xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью