Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aprel və Tovuz döyüşlərinin qəhrəmanı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Anar Novruzovun şəhadətindən 6 il keçir. Masallı rayonunun rəhbərliyi, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri şəhidin əziz xatirəsinə dərin ehtiramlarını bildirmək üçün onun məzarı önünə toplaşıblar. Şəhid mayorun məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar səslənib və parlaq xatirəsi ehtiramla yad olunub.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Aprel və Tovuz döyüşlərinin Qarabağ zəfərinə aparan yolun başlanğıcı olduğunu bildirib. O qeyd edib ki, mayor Anar Novruzov cəbhədə qəhrəmanlıq göstərib, Vətən yolunda canını qurban verib. Onun 25 illik hərbi xidmətini, fədakarlığını, dövlətimiz yüksək qiymətləndirib. Anarın ən böyük mükafatı isə milyonların qəlbində yaşaması, şəhidlik kimi ali məqamıdır. Azərbaycanın hərb tarixinə parlaq səhifə yazmış Anar Novruzovun şərəfli ömür yolu, Vətən qarşısında xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq.
Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri, jurnalist Cəfər Cəfərov şəhidin ömür yolundan, Milli Ordu sıralarında şərəfli xidmətindən söhbət açıb. Onun peşəkar hərbçi, “Akula” ləqəbli kəşfiyyatçı, “AQS-17”nin atası kimi ad-san, nüfuz qazandığını, əfsanəvi “Mixaylo” kimi düşmənə qənim kəsildiyini vurğulayıb. Vəzifə borcunu vicdanla yerinə yetirdiyinə, yüksək hərbi peşəkarlığına və döyüşdə hünərinə görə Anar Novruzov orden və medallarla təltif olunub. Doğulub boya-başa çatdığı Ərkivan qəsəbəsində küçələrdən birinə adı verilib. Ata ocağındakı evinin qarşısında büstü qoyulub, haqqında kitab yazılıb, sənədli film çəkilib.
İstefada olan zabit Pərviz Salayev Anarın döyüş şücaətlərindən, ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Şəhidin qardaşı Sücəddin Novruzov Anarın xatirəsinə göstərilən ehtirama və davamlı qayğıya görə minnətdarlığını bildirib.
Ə.HƏSƏNOV,
XQ-nin bölgə müxbiri