“Şəhid olsam anamın yanında dəfn edərsiz”

18.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Tarix bəzən əsrlərin axarında ləng addımlayır, bəzən də cəmi bir neçə saatın içində əsrlərə bərabər Zəfər dastanı yazır. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən o gərgin 23 saat 43 dəqiqə Azərbaycanın müasir dövlətçilik salnaməsinə qızıl hərflərlə həkk olundu. Qarabağda separatçılığa son qoyan, üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə əbədi olaraq ucaldan antiterror tədbirləri xalqımızın qəhrəmanlıq irsinin təntənəsidir. Bu böyük Zəfərin təməlində isə canını Vətənə sipər edən igidlərimizin al qanı durur.

2023-cü il sentyabrın 19–20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror uğurla yekunlaşaraq ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Bu tarixi əməliyyat 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin məntiqi və hüquqi yekunu oldu. Antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr 2023-cü ildə bu ərazilərdə bayrağımızı ucaltması müstəqillik tariximizin zirvə nöqtəsinə çevrildi.

Qeyd edək ki, 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu şəhid olmuşdur. Bu döyüşlərdə şəhidlik zirvəsinə ucalanlardan biri də Sultanov Xəlfəli Böyükağa oğludur. Xəlfəli 18 iyul 1990-cı ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub. A.Abdullayev adına tam orta məktəbində orta təhsilə yiyələnib. 

Uşaq vaxtlarından Xəlfəli “Mən zabit olacağam!” deyərmiş. 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 2011-ci ildə isə artıq zabit kimi Milli Ordunun sıralarında xidmətə başlayıb. Onun ilk xidmət illəri Bakıdakı “N” saylı hərbi hissədə keçib. Topçu kimi peşəkarlığı, intizamı və Vətən sevgisi ilə seçilən gənc zabit olub. “Azərbaycan Silahı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunanda sevincinin həddi-hüdudu yox imiş. 

Xəlfəli Sultanov 2016-cı ilin Aprel döyüşlərində düşmən qarşısında mərdliyini göstərərək, Murovdağda, Lələtəpədə, Daşkəsən istiqamətlərində vuruşaraq igidliyini təsdiqləyən hərbçilərdən biri olub. O, sonrakı illərdə Goranboy və Gəncədə xidmətini davam etdirib. Xidməti illərində "Azərbaycan Ordusunun 100 İliyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Şəhid qardaşı Azad Soltanov qardaşı haqqında xatirələrində deyir ki, Xəlfəli 2020-ci ilin Vətən müharibəsində də ön cəbhədə idi: “Xəlfəli Vətənə, Bayrağa çox bağlı idi. Ən böyük arzusu torpaqlarımızın azadlığı idi. Onun döyüş yolu Kəlbəcər istiqamətindən başlayıb. 44 günlük Zəfər Yürüşünün iştirakçısı olaraq şücaəti ilə seçilib. 8 Noyabr Zəfər günündə ən böyük sevincini yaşayırdı, çünki ən böyük arzusu gerçəkləşmişdi. Qələbədə payı olduğu üçün çox qürurlu idi. 

Xəlfəli bacısına son mesajında yazır ki, şəhid olsan məni anamın yanında dəfn edin, atamdan muğayat olun.

Döyüşlərdə göstərdiyi şücaətə görə, "Kəlbəcərin azad olunması" və və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Həmçinin xidmətlərinə görə, Xəlfəlinin fədakarlığı nəzərə alınaraq kapitan rütbəsinə layiq görüldü. 2023-cü il sentyabrın 19-da, Silahlı Qüvvələrimizin keçirdiyi antiterror tədbirləri zamanı Xəlfəli də döyüşə atılanlar sırasında yer alıb, Şuşa yaxınlığında – Xocalının Çanaqçı kəndi ətrafında gedən döyüşlərdə kapitan Xəlfəli Sultanov son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid oldu.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kapitan Xəlfəli Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirləri Azərbaycan Ordusunun yüksək peşəkarlığını, dəqiqliyini və humanistliyini bütün dünyaya nümayiş etdirdi. Bu əməliyyatla Qarabağda separatçılığa əbədi olaraq son qoyuldu.

Bəzən bir ömür əsrlərə sığmayacaq qədər böyük, bir ömür də bir neçə anın içində əbədiləşəcək qədər uca olur. 19–20 sentyabr antiterror tədbirlərində şəhadətə ucalan qəhrəmanlarımızın qanı ilə yazılan bu Zəfər, müstəqil Azərbaycanın suverenlik salnaməsində əbədi yaşayacaqdır.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью