Şəhid Ülvi Hacıyevin doğum günüdür

13.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində hər bir bölgəmizdən olan mərd oğullar ön cəbhəyə atılaraq torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərdilər. Hərbi anda son nəfəsinədək sadiq qalan, döyüş meydanında göstərdiyi şücaətlə adını Zəfər salnaməmizə həkk edən igidlərimizdən biri də şəhid Ülvi Şirin oğlu Hacıyevdir.

Ülvi 1994-cü il noyabrın 13-də Bakı şəhərində anadan olub. Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə orta təhsilini tamamlayıb. 2012-ci ildə rus dili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. 2016-cı ildə həmin universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistraturasına daxil olub. Qəhrəmanımız 2019-cu ildə hərbi xidməti başa vurduqdan sonra Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunda çalışmağa başlayıb.

Ülvi Hacıyev Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra iş yoldaşları ilə birlikdə döyüşlərə könüllü yazılıb. Onun xidmətinin bir ili tamam olduğu üçün Bakıya təyinat alıb. İki gün əvvəl paytaxta qayıdan Ülviyə döyüşə getmək üçün məktub gəlib. Evdəkilərdən bu xəbəri gizlədərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinə yaxınlaşıb. 

Yalnız döyüşlərə yola düşən zaman bu barədə qardaşına bildirib. Döyüş yoldaşları deyir ki, Hadrut qəsəbəsi işğaldan azad olunandan sonra Cəbrayıl, Şuşa istiqamətinə gediblər. 36 saat susuz qaldıqları üçün yaxınlıqda ferma görüblər, su içmək istəyiblər və uçurumdan tullanıblar. O zaman Ülvinin yanında yaralı dostu olduğu üçün tullanmayıb, bildirib ki, Teymur dincəlsin, gələcəklər. Digər dostları fermadan su içməyə gedən zaman döyüş olub və Ülvigil olan yerə pulemyotdan atəş açıblar. Orada dostu ilə birlikdə şəhid olub.

Ülvi oktyabrın 19-da şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 5 dekabr 2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən  Ülvi Hacıyev ölümündən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Müşfiq MİRZƏ
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью