Icma.az bildirir, Azpost portalına istinadən.
Tanınmış jurnalist Kamil Həmzəoğlu 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olan leytenant Füzuli Məmmədovun ailəsinin yaşayış şəraitinə diqqət çəkib.
Azpost.info bildirir ki, jurnalist paylaşımında şəhidin həyat yoldaşı və iki azyaşlı qız övladının hazırda ağır vəziyyətdə olan evdə yaşadığını bildirib.
Kamil Həmzəoğlu şəhid ailəsinin yaşadığı evin fotosunu paylaşaraq yazıb: “Bu, Samuxlu şəhid, ali təhsilli, peşəkar hərbçi, üç müharibənin, üç döyüşün – İkinci Vətən müharibəsi, ‘Qisas’ və antiterror əməliyyatlarının iştirakçısı, bir neçə medallı və ‘Rəşadət’ ordenli, iki gül, əkiz qız balasını Vətənə əmanət qoyub getmiş Füzuli balamızın, Füzuli Bəhruz oğlu Məmmədovun evidir.
Əgər buna da ev demək mümkündürsə?”
Jurnalist qeyd edib ki, antiterror əməliyyatından və şəhidin ölümündən üç il ötür. Onun sözlərinə görə, bu müddət ərzində şəhid ailəsinin daha normal mənzillə təmin olunması mümkün idi. “Bu üç ildə bu şəhid ailəsinə normal, xudmani bir ev tikmək, yaxud Seyidlər kəndindəki binalardan birində 2-3 otaqlı mənzillə, yaxud da beş addımlıqda olan Gəncədə mənzillə təmin etmək olmazdımı?” – deyə Həmzəoğlu sual edib.
O, evin kəndin ucqar hissəsində yerləşdiyini də vurğulayaraq ailənin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib.
Jurnalist Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Sosial Xidmətlər Agentliyinə müraciət edərək şəhid ailəsinin mənzil şəraitinə diqqət yetirməyə çağırıb. “Bu ‘ev’ uçulub-dağılanda, hansısa faciə yaşananda ayılacaqsınız?” – deyə o yazıb.
Füzuli Məmmədov kim idi?
Leytenant Füzuli Bəhruz oğlu Məmmədov 5 aprel 1989-cu ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olub.
Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildən Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyət göstərib və leytenant rütbəsinə qədər yüksəlib.
Füzuli Məmmədov 2020-ci il Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Laçın dəhlizi uğrunda döyüşlər zamanı yaralanıb.
2023-cü il sentyabrın 19-da Qarabağda başlayan lokal antiterror tədbirlərində də iştirak edib. Sentyabrın 20-də Ağdam rayonunun Sıxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhid zabit doğulduğu Samux rayonunun Qovlarsarı kənd qəbiristanlığında dəfn edilib.
Ölümündən sonra orden və medallarla təltif olunub
Füzuli Məmmədov göstərdiyi şücaətə görə ölümündən əvvəl və sonra bir sıra dövlət təltiflərinə layiq görülüb.
O, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Şəhid zabitin ailəsində iki qız övladı var.
Qaldırılan məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyini gözləyirik.