Şəhidimizin doğum günüdür

02.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda 44 günlük Vətən müharibəsində misilsiz şücaət gösterən gənc zabitlərimizdən biri də Dövlət Sərhəd Xidmətinin (DSX) leytenantı Murtuz Çingiz oğlu Abbasovdur. O, Vətən qarşısındakı hərbi andına son nəfəsinədək sadıq qalaraq adını Zəfər tariximizə qızıl hərflərlə yazdırmışdır.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində leytenant Murtuz Abbasov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinin tərkibində ön cəbhənin ən mürəkkəb əməliyyatlarında iştirak etmişdir.  Füzuli, Cəbrayıl və xüsusilə Zəngilan rayonunun düşmən işğalından azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə cəsarətlə vuruşmuş, düşmənin canlı qüvvəsinin və mövqelərinin məhv edilməsində zabit peşəkarlığı göstərmişdir. 

Murtuz 2 noyabr 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. 2005-2016-ci illərdə Binəqədi rayonu Sulutəpə qəsəbəsində 313 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olan Murtuz 2020-ci ildə ali hərbi təhsilini başa vuraraq, gənc leytenant kimi Çevik Hərkət Qüvvə-lərinin Çevik Hərəkət Briqadasında taqım komandiri kimi xidmətə başlayıb. Qısa müddətli xidməti dövründə intizamı və çalışqanlığı ilə hərbi kolletivin dərin hörmətini qazanıb.

Vətən Müharibəsinin ilk günlərindən öz taqımı ilə döyüşlərə qatılan leytenant Abbasov Murtuz Cəbrayıl və Zəngilan rayonları ərazisində İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad olunmasında iştirak edib.

22 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonu ərazisində Vejnəli qızıl mədəninin ələ keçirilməsi üçün Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşən leytenant Abbasov Murtuz 6 nəfər yoldaşı ilə birlikdə döyüşü öz üzərlərinə çəkərək bölüyün qalan heyətinin atəş altından çıxmasına şərait yaradıb. 30 nəfərin yaralandığı döyüşdə Murtuzla birlikdə bölüyün daha 6 nəfər hərbi qulluqçusu qəhrəmancasına şəhid olub.

Leytenant Abbasov Murtuz Çingiz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli“Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

29 oktyabr 2020-ci ildə Lerik rayonunun Soru kəndində dəfn edilib.

Gənc leytenant Murtuz Abbasovun azad azad edilən torpaqlarımızda qoyduğu qəhrəmanlıq izi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! 

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью