Şəhidin xanımı öz işini qurdu: Onun çörəyini yeyirəm, öz zəhmətim olsa belə…

02.02.2026

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzən həyat bizə təkcə çətinlikləri yox, həm də fürsətləri bir anda verir. Bəzən insan təkcə ailəsini deyil, bir ideyanı da böyütməli olur. Bu müsahibədə tanıyacağınız qadın isə məhz belə bir yolda ağrının içindən iş qurmağa, itkinin içindən dəyər yaratmağa çalışan biridir.

Valyuta.az-ın müsahibi Sonaxanım Abbasova şəhid leytenant Teymur Abbasovun həyat yoldaşı, iki övlad anası, sahibkar və "Oxloff” çörək və şirniyyat evinin qurucusudur. O, həyatının ən ağır dönəmində ayağa qalxmağı, özünü tapmağı və sıfırdan bir markanı formalaşdırmağı bacarıb. Bu brendin arxasında isə həm sahibkarlıq, həm də həyat mübarizəsi dayanır.

- Hansı sahə üzrə təhsil almısınız və bu gün gördüyünüz işlə əlaqəsi varmı?

-  Mən Azərbaycan Dillər Universitetinin İngilis dili pedaqogika fakültəsini bitirmişəm. Təhsil aldığım dövrdə universitetdə Tələbə Gənclər Təşkilatında çalışmışam. Köşə yazarlığı ilə işlərlə məşğul olmuşam. Heç bir maddi maraq güdmədən tələbə hazırlığı da həyata keçirirdim. Daha sonra ailə həyatı, körpə uşaqlara heç kəsin köməyi olmadan tək baxdığım üçün iş mənim üçün ikinci planda idi. Uşaqlar böyüdükdən sonra ixtisasım üzrə işləməyə başladım. Hazırda isə ixtisasım üzrə deyil, biznes yönümlü sahədə çalışıram. Baxmayaraq ki, illərlə öz sahəmlə bağlı fəaliyyət göstərmişəm, amma bu gün düşünürəm ki, bəzən ixtisas seçimini yanlış edə bilirik. İnsan özünü başqa bir sahədə daha çox tapa bilir.

- Həyat yoldaşınız, leytenant Teymur Abbasovla tanışlığınız necə baş vermişdi?

- Mən həyat yoldaşımla qohum idim. Tale elə gətirdi ki, yollarımız kəsişdi. Nə yaxşı ki, onun kimi gözəl bir insanla taleyim birləşdi və biz ailə həyatı qurduq. Bu gözəl ailədən də Feyruz və Siruz adlı iki oğul övladımız dünyaya gəldi. Teymurdan mənə qalan bu iki əmanəti hazırda böyüdürəm.


- Həmin dövrdə özünüzü daha çox evdar xanım kimi görürdünüz, yoxsa işləməyə səy göstərirdiniz?

- Yox, ümumiyyətlə mən 20 yaşımda evlənmişəm. Şəxsiyyətimin formalaşdığı bir dövr idi və həmin dövrdə yaşım az olduğundan işləmək barədə düşünmürdüm. Mən milli-mənəvi dəyərlərlə böyümüşəm və bilirdim ki, evlənəndən sonra insan ilk dövrlərdə ailəsi ilə məşğul olmalıdır. İlk illərdə uşaqlar balaca olduğuna görə işləmək planım yox idi. Sadəcə uşaqlarımı böyüdüb, evimin xanımı olmuşam.

- Həyat yoldaşınızın sizin işləməyinizə və gələcək planlarınıza yanaşması necə idi?

- Həyat yoldaşım işləməyimə qarşı deyildi. Çünki anası və ətrafındakı xanımların hamısı işləyirdi. Həm də deyirdi ki, uşaqlar böyüdükdən sonra, bizi və onları ikinci plana salmayacaqsansa, işləməyinin heç bir ziyanı yoxdur.

- Həyat yoldaşınızı itirdikdən sonra yeni həyatınıza necə adaptasiya ola bildiniz?

- Həyat yoldaşım 2020-ci il oktyabrın 11-dən 12-nə keçən gecə Hadrut istiqamətində gedən qızğın döyüşlərdə şəhid oldu və qəhrəmanlıq zirvəsinə ucaldı. Xoşbəxtliyim bir gecənin içində əlimdən alındı. Toparlanmağım çox uzun müddət çəkdi, amma buna məcbur idim. Evdə iki cüt göz – uşaqlar mənə baxırdı. Onlara sağlam bir ana lazım idi. Atalarını itirmiş uşaqlara ikinci bir travma yaşada bilməzdim. Bir ildən sonra övladlarım üçün toparlandım. Həyat hər bir halda enişli-yoxuşludur. Evdə iki əsgər – Azərbaycana yararlı övlad yetişdirirəm. Məhz buna görə də toparlana bildim.


- Həmin dövrdə maddi ehtiyaclarınızı necə qarşıladınız?

- Həyat yoldaşım şəhid olduqdan sonra mənə heç bir maddi dəstək göstərilməyib. Bəli, dostlar, tanışlar, qohumlar yanımda olublar. Amma yoldaşım məni heç kimdən asılı vəziyyətdə qoymayıb. Mən işləməsəm belə, uşaqlarımı dolandıra bilərdim. Biz yalnız onun yoxluğunun əziyyətini çəkirik.

- "Artıq nə isə etməliyəm” dediyiniz anı necə xatırlayırsınız?

- Teymur həyatda olarkən mən artıq işləyirdim. Uşaqlar məktəbə başlayanda, işlərimi qaydaya saldıqdan sonra düşündüm ki, universiteti boş yerə bitirməmişəm. Cəmiyyətə faydalıyam və çalışmalıyam. İş həyatına ingilis dili müəllimi kimi başladım. Daha sonra Gənclər Mərkəzində icraçı direktor vəzifəsində çalışdım. Məhz orda işlədiyim vaxt yoldaşımın şəhidlik xəbərini aldım. Buna görə həmin iş yerinə geri qayıda bilmədim. Sonra həyat məni gözəl insanlarla qarşılaşdırdı. Marketinq sahəsində işləməyə başladım. "Novco” şirkətində marketinq analitiki kimi fəaliyyət göstərdim. Fərid Novruzi ilə çalışdım. Teymurun mənə qatdığı ən gözəl insanlardan biridir. Çünki həqiqətən bir qardaş qazanmışam. Həyat yoldaşı var ki, gedəndə qadınını borc içində qoyar, amma Teymur mənə gözəl dostlar və ətraf qoyub getdi. Ona görə hər zaman deyirəm ki, mən həyat yoldaşımın çörəyini yeyirəm, öz zəhmətim olsa belə… Heç vaxt işləməkdən çəkinməmişəm. Amma yenə də deyirəm ki, dünənimi, bu günümü və sabahımı həyat yoldaşıma borcluyam.


- Şirniyyat və xəmir məmulatları ilə işləməyi yaxşı bacardığınız üçün bu sahədə iş qurdunuz?

- Uşaq yaşlarında hamının bir arzusu olur. Məni körpəliyimdən tanıyan insanlar bilirlər ki, uşaqlığımdan bəri "Böyüyəndə nə olmaq istəyirsən?” sualına həmişə eyni cavabı vermişəm: "Balaca bir yerim olsun, orda ev məhsulları bişirim və satım”. Çünki ana tərəfimdən hər kəs kulinardır. Əlimizin duzu, dadı olduğuna görə bunu reallaşdırmaq istəyirdim. Həqiqətən də insanın ağzından çıxan hər bir sözü zaman ona yaşadır. Həyat elə gətirdi ki, bu işi "Oxloff” brendi ilə, geniş yayılacağını düşünmədən başladım. Uşaqlarım gələcəkdə problem yaşamasın deyə onlar üçün əlavə gəlir mənbəyi olaraq bu biznesi açdım. Anamın və xalamın əl ləzzətinə və bacarığına güvənərək bu yola çıxdım. Beləliklə, paralel olaraq iki iş aparırdım. İki ay ərzində yeni işimə olan maraq və tələbatı gördüm. Bir də baxdım ki, əvvəlki işimdən öz xoşumla ərizə yazıb ayrılıram. O an başa düşdüm ki, bu, doğru qərardır. Öz işimdə işləmək… Bu, həyatımda verdiyim ən düzgün qərarlardan biri idi.

- Biznesə başlayarkən nələri sıfırdan öyrənməli oldunuz?

- Belə bir deyim var: "Əgər bir işin sahibi olmaq istəyirsənsə, sən o işin mətbəxindən başlamalısan”. Bizim iş onsuz da mətbəxlə bağlıdır. Mən bu mağazanın həm satıcısı, həm xadiməsi, həm ustası, həm də "bazarkomu” olmuşam. Bu işin hər bir detalı ilə özüm məşğul oluram. Bu gün "Oxloff” müəyyən bir kütlənin qarşısına çıxıbsa, bu, mənim əzmimin nəticəsidir.

- İlk vaxtlar tək çalışırdınız, yoxsa əlavə işçi qüvvəsi, yaxud dəstəyiniz var idi?

- Bu biznesi quranda heç kim bir mıx belə vurmağa kömək etməyib. Nə görünürsə, hamısı öz zəhmətim və əziyyətimin bəhrəsidir. Həmçinin həyat yoldaşımın ruhunun mənə verdiyi dəstəkdir. Heç bir maddi dəstək almadım, bu gün də yoxdur. Hamısı öz qazancımın bəhrəsidir. Ən böyük dəstək isə anam və xalamın mənim yanımda olmasıdır. Onlarla birgə gecə-gündüz dayanmadan işləmişik. Biz üç nəfər bu yola birlikdə başladıq. Onların zəhməti mənim üçün danılmazdır. Anam və xalamla yanaşı, ən böyük dəstəyim iki balam olub. Onların varlığı, onların sevgisi və mənəvi dəstəyi mənim üçün əvəzsizdir. Həmçinin bizim xoş günümüzə sevinən insanların da dəstəyi mənim üçün çox dəyərlidir.


- Bəs nə qədər maliyyə lazım oldu?

- Təxminən sıfırdan qurulan belə bir biznes üçün 20 min manat tələb olunur. Sonrakı xərcləri isə qazandığım pullarla təmin etmişəm – gah sex almışam, gah digər avadanlıqları.

- Ən çox nədə çətinlik çəkdiniz?

- İlk 3-4 ayda "sapı özümüzdən olan baltalarla” mübarizə apardım. Bütün çətinliklərlə təkbaşına mübarizə aparmışam. Bəzi insanlar şəhid ailəsinin aldığı pensiyanı hesablamağa qədər gedirlər. Bu artıq çox acınacaqlı və iyrənc bir haldır. Şəhid xanımı bir iş görəndə, vəzifə alanda, ya da özünə bir az baxanda qınaq obyektinə çevrilir. Xidmət sektorunda işlədiyimiz üçün təbii olaraq, bəzi xırda problemlər olur. Amma bəzi müştərilər həmin vaxt "siz şəhid ailəsisiniz, bundan istifadə edirsiniz” kimi ittihamlarla çıxış edirlər. Halbuki, bu cür xətalar istənilən müəssisədə ola bilər. Unutmasınlar ki, biz bu statusu onların rahatlığı üçün qazanmışıq. Belə insanlar şəhid ailələrinin xoş gününü qəbul edə bilməyən insanlardır. Mən də bir şəhid xanımı olaraq bu kimi çətinliklərlə qarşılaşıram.

- İlk müştəri, ilk satış - həmin gün sizin üçün nə ifadə edirdi?

- İlk müştəri insan üçün böyük motivasiyadır. İlk müştərim yaxın rəfiqələrimdən biri oldu. Bu hərbi şəhərcikdə hamı bilirdi ki, burada bir iş başlayır. Açılış günü hər kəs saat 11-i gözləyirdi. Sosial media hesabımda paylaşım etmişdim. O gün çox izdihamlı keçdi. Biz hələ də keyfiyyətimizlə öz sözümüzü deyirik. Keyfiyyət bu işdə ən vacib faktordur. Reklamın güclü ola bilər, amma xidmət və məhsul keyfiyyətli deyilsə, bu iş uzun çəkməz. Mənim duam odur ki, Allah bizi bu yolda utandırmasın.


 - Niyə oxlov yox, "Oxloff” adını seçdiniz?

- Hər insan hansı bölgəyə aiddirsə, o bölgənin mətbəxini və adət-ənənəsini təmsil edir. Mən də bakılıyam və xəmir xörəklərinə düşkünəm. Qutab, düşbərə, gürzə kimi təamlarla başladıq. Un məmulatı hazırlayırıqsa, əlbəttə, oxlovdan istifadə olunur. Bəs niyə "Oxlov” yox, "Oxloff”? Mən marketinq analitikiyəm, trend və tendensiyaları izləyirəm. Düşündüm ki, "Oxloff” adı daha çox diqqət çəkər, brend xarakteri daşıyar. Loqo və konsepsiya da mənim təxəyyülümdən yaranıb.

- Hazırda ən çox hansı sifarişlər verilir? 

- Ən çox satılan məhsullarımız peraşki, qutab, çudo, qoğal və bilinçikdir. Xüsusilə qutab və peraşki daha çox sifariş olunur. Azərbaycanın müxtəlif bölgələrindən bu təamları dadmaq üçün gələnlər olur.

- Çatdırılma xidməti də göstərirsinizmi?

- İlk vaxtlar çatdırılma xidməti yox idi, çünki təkbaşına çatdıra bilmirdim. Avqust ayından sonra bir müddətlik fasilə verdim və bu dövrdə çatdırılma sahəsində təcrübəli insanlarla tanış oldum. Onların yardımı ilə bu xidmətimizi də formalaşdırdıq və hazırda mövcuddur.


- Saat neçədən neçəyə fəaliyyət göstərirsiniz?

- Mağazamız ilkin dövrlərdə səhər saat 8-dən axşam 10-a qədər açıq olurdu. Amma məhsullar vaxtında hazır olsun deyə biz - anam, xalam və mən artıq səhər saat 5 və ya 6-ya işləmiş oyanırdıq. Çünki xəmir əvvəlcədən yoğrulmalı və saat 8-də vitrinə yerləşdirilməli idi. Bu, təkcə bizdə deyil, bu sahədə çalışan hər yerdə belədir. Xəmir sahəsində işləyirsənsə, gecə yuxusundan imtina etməlisən. Əvvəllər işçi olmadığı üçün bəzən saat 11-12-yə kimi mağazada tək qalırdım, hər şeyi səliqəyə salıb sonra evə gedirdim.

- Bu gün Sonaxanım özünü daha çox ana, sahibkar, yoxsa hər ikisi kimi hiss edir?

- Həm ana, həm sahibkar kimi balansı qorumaq çox çətindir. Biz həyatın dibini görmüş insanlarıq. Mən həm anayam, həm sahibkaram, həm də övladam. Bunların hamısını bir yerdə idarə etmək, rahat bir həyatdan çıxmış bir insan üçün asan deyil. Günü bu gün də həmin çətinliklərin ağırlığını üzərimdə daşıyıram.

- "Oxloff”u gələcəkdə necə görürsünüz?

- Mən "Oxloff”u gələcəkdə Azərbaycanın bütün bölgələrinə yayılmış bir mağazalar şəbəkəsi kimi görürəm. Özünü bu sahədə təsdiq etmiş, keyfiyyəti ilə seçilən bir brend olaraq təsəvvür edirəm. Bunun üçün də əlimdən gələni edirəm. Yuxusuzluqdursa, yuxusuzluq, yorğunluqdursa, yorğunluq, maddi çətinlikdirsə, onunla da mübarizə aparıram. Heç bir uğur əziyyətsiz olmur. Ətrafımıza baxsaq, görərik ki, uğurlu insanlar bu cür çətinliklərdən keçiblər.


- Geri dönüb baxanda, o ağır dövrdə qərar verən Sonaxanıma bu gün nə demək istərdiniz?

- O Sonaxanıma demək istərdim ki, sən həqiqətən də düzgün addım atmısan, doğru yolda olmusan və düzgün qərar vermisən. Bu yolda da irəliləməyə davam et. İnsan təkbaşına qərar verməyə başladığı anda böyüyür.

- Sizin həyat hekayəniz bir çox qadın və xüsusilə şəhid xanımları üçün nümunədir. Onlara nə demək istərdiniz?

- Artıq beş ildir ki, şəhid ailələri ilə ünsiyyətdəyəm. Demək olar ki, hər kəs bir-birini tanıyır. Bir-birimizə dəstək olur, dərdimiz olanda paylaşırıq. Mən onlara hər zaman deyirəm ki, biz qəhrəman yoldaşlarıyıq və onlara layiq şəkildə yolumuza davam etməliyik. Oturub ağlamaq, özünü evə qapatmaq çıxış yolu deyil. Bəs o zaman sənin yoldaşını kim təmsil edəcək? Sənin uşaqlarını kim böyüdəcək? Bizim ikinci seçimimiz yoxdur. Tək bir yolumuz var: həyatımıza davam etmək. Mən daim onların yanında olmuşam və bundan sonra da olacağam.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью